Futbol tarixində bu gün: “Qızıl top”u qazanan sonuncu müdafiəçi

A- A A+

2006-cı il noyabrın 27-də İtaliya millisinin müdafiəçisi Fabio Kannavaro “France Football” jurnalının təsis etdiyi “Qızıl top” mükafatının sahibi olub.

NUHÇIXAN  xəbər verir ki, Kannavaro səsvermədə həmyerlisi Canluici Buffonu və fransalı veteran hücumçu Tyerri Anrini qabaqlayıb. İtaliyalı keçmiş futbolçu 173 xal toplayıb. Buffon 124, Anri isə 121 xalla müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Kannavaronun bu mükafata layiq görülməsində 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatındakı çıxışı mühüm rol oynayıb. Həmin vaxt İtaliya millisinin kapitanı olan müdafiəçi komandası ilə dünya çempionluğunu qazanıb. O, turnirdə milli komandasının iştirakı ilə keçirimiş yeddi oyunun hamısında meydana çıxaraq müdafiədə etibarlı oyunu ilə diqqət çəkib.

İtaliya yığması mundial ərzində cəmi iki qol buraxıb. Onlardan biri avtoqol, digəri isə Fransa ilə final qarşılaşmasında Zinəddin Zidanın penaltidən vurduğu qol olub. Finalda qalib penaltilər seriyasında müəyyənləşib və İtaliya millisi qızıl medallara sahib çıxıb.

Həmin il Kannavaro FIFA tərəfindən də ilin ən yaxşı futbolçusu seçilib. O, 1996-cı ildə bu mükafata layiq görülmüş almaniyalı Matias Zammerdən sonra “Qızıl top”u qazanan ilk müdafiəçi, 1993-cü ildə Roberto Baccodan sonra isə bu mükafatı alan ilk italiyalı futbolçu olub.

Həmin il “Yuventus”da çıxış edən Kannavaro dünya çempionatından sonra İspaniyanın “Real Madrid” klubuna keçib. Madrid təmsilçisi ilə 2007 və 2008-ci illərdə İspaniya çempionu olub.

Qeyd edək ki, Fabio Kannavaro İtaliya millisinin heyətində 136 oyun keçirib. O, 2011-ci ildə futbolçu karyerasını başa vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: