ABŞ Prezidenti Donald Trampın administrasiyası bu ilin əvvəlində Venesuela və İraqı Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxmağı nəzərdən keçirməyə təşviq edib, eyni zamanda, Venesuelanın təşkilata illik üzvlük haqqını ödəməsinə mane olub.
NUHÇIXAN “Reuters”ə istinadla xəbər verir ki, bu, uzun müddətdir təşkilatı neft qiymətlərini süni şəkildə yüksək saxlamaqda ittiham edən Donald Tramp administrasiyasının OPEC-ə qarşı qeyri-adi birbaşa müdaxiləsi kimi qiymətləndirilir.
Məlumata görə, həmin dövrdə ABŞ rəsmiləri hər iki ölkədə neft hasilatının və investisiyaların artırılmasını təşviq ediblər. Bununla yanaşı, bəzi ABŞ rəsmiləri OPEC-in hasilat məhdudiyyətlərinin gələcəkdə bu planların həyata keçirilməsinə mane ola biləcəyindən narahatlıq keçiriblər.
Məsələ ilə tanış olan mənbələrin bildirdiyinə görə, Vaşinqtonun Venesuelaya təzyiqləri o həddə çatıb ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bu yay müdaxilə edərək Tramp administrasiyasını məsələni daha da irəli aparmamağa razı salıb.
İraqda isə Baş nazir Əli Faleh əl-Zeydi bu yay ABŞ rəsmiləri ilə müzakirələrdən sonra hökumət iclasında ölkənin OPEC-dən çıxması ehtimalını gündəmə gətirib. İki mənbənin sözlərinə görə, ABŞ rəsmiləri onu bu addımı nəzərdən keçirməyə təşviq ediblər. Lakin İraqın Neft Nazirliyi bu təşəbbüsə qarşı çıxaraq baş naziri təşkilatda qalmağa və bunun əvəzinə ölkə üçün daha yüksək hasilat kvotası əldə etməyə çalışmağa inandırıb.
ABŞ-nin hər iki ölkə üzərində mühüm maliyyə təsir imkanları mövcuddur. Vaşinqton yanvar ayında Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Venesuelanın dövlət vəsaitlərinə çıxışına nəzarət edir. İraqın neft gəlirləri isə 2003-cü il İraq müharibəsindən sonra formalaşdırılmış mexanizm çərçivəsində hələ də Nyu-York Federal Ehtiyat Bankındakı hesaba köçürülür.
ABŞ Dövlət Departamenti Venesuelanın OPEC-ə üzvlük haqqını ödəməsinin qarşısının alınıb-alınmadığı ilə bağlı sualları cavablandırmayıb. Bununla belə, qurum Vaşinqtonun Venesuelanın dövlət vəsaitlərindən istifadəsinə nəzarət etmək səlahiyyətini təsdiqləyib.
Dövlət Departamentinin nümayəndəsi bildirib ki, aşağı vəzifəli ABŞ rəsmilərinin ilin əvvəlində Venesuela hökuməti ilə OPEC-dən çıxmaq məsələsini müzakirə etməsi mümkündür. Lakin bu məsələ yüksək səviyyəli rəsmilərin gündəliyində olmayıb.
Dövlət Departamentinin nümayəndəsi İraqla aparılan danışıqların isə OPEC-dən çıxmaq məsələsinə deyil, enerji infrastrukturunun təkmilləşdirilməsi, hasilat və enerji nəqlinin artırılmasına yönəldiyini vurğulayıb.
OPEC-in Venesuela, İraq və Səudiyyə Ərəbistanı hökumətlərinin nümayəndələri isə sorğulara cavab verməyiblər.
ABŞ-nin bu addımları 2019-cu ildən bəri dörd üzvünü itirmiş təşkilatın üzləşdiyi təzyiqləri daha da artırır. ABŞ və İsrailin İrana qarşı müharibəsinin yaratdığı pozuntular fonunda OPEC-in qlobal neft bazarındakı payı da son dövrlərdə minimum səviyyəyə enib. İran təşkilatın digər təsisçi üzvlərindən biridir.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri bu ilin əvvəlində hasilat kvotalarından narazılığı səbəbindən OPEC-dən çıxdığını elan edib. Anqola, Ekvador və Qətər isə müvafiq olaraq 2024-cü, 2020-ci və 2019-cu illərdə təşkilatı tərk ediblər. Bu qərarların qəbulunda ABŞ-ın iştirakına dair hər hansı məlumat yoxdur.
