Dünyanın ən böyük şirkətlərinin qeyri-maddi aktivlərinin dəyəri 128,4 trilyon dollara çatıb - ARAŞDIRMA
Dünyanın ən böyük şirkətlərinin qeyri-maddi aktivlərinin dəyəri son bir ildə 32 faiz artaraq rekord həddə – 128,4 trilyon dollara çatıb. Bu barədə “Brand Finance” konsaltinq şirkətinin “Global Intangible Finance Tracker” (GIFT) 2026-cı il üzrə illik araşdırmasında bildirilib.
NUHÇIXAN “Brand Finance-GIFT 2026” hesabatına istinadla xəbər verir ki, bu, şirkətin bu cür hesablamalara başladığı 1996-cı ildən bəri qeydə alınan ən yüksək göstəricidir. Bununla yanaşı, dünya üzrə qeyri-maddi aktivlərin ümumi dəyərinin təxminən 87 faizi şirkətlərin maliyyə hesabatlarında əks olunmur.
Reytinqdə birinci yeri ABŞ-nin “Nvidia” şirkəti qoruyub. Şirkətin qeyri-maddi aktivlərinin dəyəri təxminən 5,15 trilyon dollar qiymətləndirilir ki, bu da əvvəlki illə müqayisədə 20 faiz çoxdur.
4,61 trilyon dollar göstərici ilə ikinci yeri “Apple” tutub. Şirkətin aktivlərinin dəyəri 50 faiz artıb. “Alphabet” isə 80 faizlik artım nümayiş etdirərək 3,6 trilyon dollara çatıb və üçüncü yerə yüksəlib.
“Microsoft” dördüncü pilləyə enib. Şirkətin qeyri-maddi aktivlərinin dəyəri 7 faiz azalaraq 3,52 trilyon dollar olub. İlk beşliyi göstəricisi 44 faiz azalaraq 2,37 trilyon dollara düşən “Amazon” tamamlayır.
Qeyri-maddi aktivlərinin dəyəri 1,9 trilyon dollar qiymətləndirilən “SpaceX” altıncı yeri tutub. Şirkət birjaya çıxdıqdan sonra ilk ilində reytinqin top onluğuna daxil olub.
Sonrakı yerlərdə “Broadcom” (1,81 trilyon dollar), “Taiwan Semiconductor Manufacturing Company” (1,75 trilyon dollar), “Saudi Aramco” (1,33 trilyon dollar) və “Tesla” (1,3 trilyon dollar) qərarlaşıb.
Ölkələr arasında 69,1 trilyon dollar qeyri-maddi aktiv dəyəri ilə ABŞ liderlik edir. Reytinqin ilk yüzlüyündə 65 mövqeni ABŞ şirkətləri tutur.
16,3 trilyon dollar göstərici ilə ikinci yerdə Çin qərarlaşıb. İl ərzində region şirkətlərinin qeyri-maddi aktivlərinin dəyəri 85 faiz artıb. 4,8 trilyon dollar göstərici ilə Yaponiya üçüncü yeri tutur.
Ən əhəmiyyətli dəyişikliklərdən biri yarımkeçiricilər sənayesinin mövqeyinin güclənməsi olub. Bu sahənin qeyri-maddi aktivləri 90 faiz artaraq 18,3 trilyon dollara çatıb. Beləliklə, yarımkeçiricilər sektoru qeyri-maddi aktivlərinin dəyəri 10 faiz azalaraq 9 trilyon dollara düşən internet texnologiyaları və proqram təminatı sektorlarını ilk dəfə geridə qoyub.
Reytinqin 100 ən böyük şirkəti arasında yarımkeçirici istehsalçılarının sayı 2025-ci ildəki səkkiz şirkətdən 2026-cı ildə 19 şirkətə yüksəlib.
Qeyri-maddi aktivlər fiziki forması olmayan, lakin iqtisadi dəyərə malik aktivlərdir. Bunlara əqli mülkiyyət, brendlər, patentlər, proqram təminatı, texnologiyalar, məlumatlar, işgüzar əlaqələr və müştəri bazaları daxildir.
“Brand Finance Global Intangible Finance Tracker 2026” araşdırmasında dünya üzrə 30 mindən çox açıq səhmdar cəmiyyətinin fəaliyyəti təhlil edilir.
