Fransada son 15 ildə uzunmüddətli yoxsulluq halları demək olar ki, iki dəfə artıb. Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun dərc etdiyi araşdırmaya görə, 2021–2024-cü illər arasında ölkə əhalisinin təxminən dörddə biri ən azı bir dəfə yoxsulluqla üzləşib.
NUHÇIXAN xəbər verir ki, araşdırmaya əsasən, Fransanın xarici əraziləri istisna olmaqla, əhalinin 7,2 faizi 2021–2024-cü illərdə ardıcıl yoxsulluq həddindən aşağı gəlirlə yaşayıb. 2008–2011-ci illərdə bu göstərici 4,3 faiz təşkil edib. Ümumilikdə 2021–2024-cü illər ərzində Fransa əhalisinin 23,6 faizi ən azı bir dəfə yoxsulluqla üzləşib.
2024-cü ildə ölkədə yoxsulluğun səviyyəsi 15,4 faiz təşkil edib. 2008-ci ildə bu göstərici 12,9 faiz olub. 2023-cü ildə yoxsulluq şəraitində yaşayan insanların 71,4 faizi növbəti il də eyni vəziyyətdə qalıb.
Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu yoxsulluqdan davamlı şəkildə çıxış imkanlarının məhdud olduğunu da vurğulayıb. 2021-ci ildə yoxsul yaşayan insanların yalnız 16,5 faizi sonrakı üç il ərzində bu vəziyyətdən uzunmüddətli çıxış yolu əldə edə bilib.
İnstitutun qənaətinə görə, yoxsulluq səviyyəsinin yüksəlməsi əsasən bu vəziyyətin xroniki xarakter alması və ondan çıxışın getdikcə çətinləşməsi ilə əlaqədardır.
İşsizlər, gənclər, eləcə də təhsili olmayan, yaxud təhsil səviyyəsi aşağı olan şəxslər uzunmüddətli yoxsulluq riski ilə daha çox üzləşirlər. 2022-ci ilin əvvəlində işsiz olan şəxslərin 22,4 faizi ardıcıl dörd il yoxsulluq həddindən aşağı gəlirlə yaşayıb. İşləyənlər arasında bu göstərici 3 faiz olub. 16–25 yaşlı gənclər arasında uzunmüddətli yoxsulluq səviyyəsi 11,2 faiz, təkvalideynli ailələrdə yaşayanlar arasında isə 14,6 faiz təşkil edib. 2021–2024-cü illərdə davamlı yoxsulluq şəraitində yaşayan şəxslərin orta aylıq həyat səviyyəsi 2024-cü ilin sabit qiymətləri ilə 960 avro olub.
Bildirildiyinə görə, uzunmüddətli yoxsulluq ciddi maddi və sosial məhrumiyyətlərlə də müşayiət olunur. Belə ki, 2025-ci ilin əvvəlində ardıcıl dörd il yoxsulluq həddindən aşağı yaşayan şəxslərin 69,1 faizi 1000 avroluq gözlənilməz xərci qarşılamaq imkanına malik olmadığını bildirib. Bundan əlavə, onların 51,5 faizi evdən kənarda bir həftəlik tətil etmək imkanının olmadığını, 28,2 faizi isə hər iki gündən bir zülalla zəngin qida qəbul etmək üçün maddi imkanlarının çatmadığını qeyd edib.
Ümumilikdə, 2025-ci ilin əvvəlində uzunmüddətli yoxsul yaşayan insanların 37,9 faizi maddi və sosial məhrumiyyətlərlə üzləşib. 2021–2024-cü illər ərzində heç bir yoxsulluq epizodu yaşamayanlar arasında isə bu göstərici 5,1 faiz olub.
