Qazaxıstanın Atırau vilayətinin prokurorluğu dörd mindən çox uşağın şəxsi həyatının toxunulmazlığı və fərdi məlumatlarının qorunması ilə bağlı hüquqlarını bərpa edib.
NUHÇIXAN regionun prokurorluğuna istinadla xəbər verir ki, pozuntular bir neçə təhsil müəssisəsində aşkar edilib.
Belə ki, Mahambet rayonundakı Z.Eşanov adına uşaq incəsənət məktəbi 400-dən çox uşağın fərdi məlumatlarını xarici rəqəmsal platformada yerləşdirib.
Jılıoy rayonunun 6 nömrəli məktəbində isə iki mindən çox şagirdin fərdi məlumatları valideynlərinin razılığı olmadan təhsil müəssisəsində davamiyyətin uçotunu aparan proqrama daxil edilib.
Bundan başqa, Atırau şəhərindəki məktəblərdən birinin sanitar qovşağında videomüşahidə kameraları quraşdırılıb. Bu, 1400-dən çox uşağın şəxsi həyatının toxunulmazlığı hüququnun pozulmasına səbəb olub. Prokurorluğun qiymətləndirməsinə görə, bu cür hərəkətlər yetkinlik yaşına çatmayanlarda mənfi psixoloji və emosional fəsadların yaranması riskini artırır.
Nəzarət orqanı xatırladıb ki, Qazaxıstan Konstitusiyası hər kəsin şəxsi həyatının sirrinin qorunmasına və fərdi məlumatlarının mühafizəsi hüququna təminat verir.
Aşkar edilmiş bütün faktlarla bağlı prokurorluq tərəfindən zəruri tədbirlər görülüb, pozulmuş hüquqlar bərpa edilib, təqsirli şəxslər isə məsuliyyətə cəlb olunublar.
