BMT: Gələn il kəskin ərzaq çatışmazlığı yaşayan bölgələrin sayı artacaq

A- A A+

2026-cı ilin dekabrından 2027-ci ilin mayınadək dünyada kəskin ərzaq çatışmazlığının yaşandığı 16 regionda vəziyyət xeyli pisləşəcək. Bir sıra bölgələrdə El-Ninyo hadisəsi əlavə risklər yaradacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (ÜƏP) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni hesabatında bildirilib.

“Dünyada kəskin ərzaq çatışmazlığının yaşandığı 16 bölgədə vəziyyət xeyli pisləşəcək. Ən çox narahatlıq doğuran beş ölkə var: Sudan, Cənubi Sudan, Somali, Nigeriyanın bəzi bölgələri və Yəmən”, -deyə hesabatda qeyd olunur.

Münaqişələr, əhalinin köçü, iqtisadi təzyiqlər və iqlimlə bağlı kəskin dəyişmələr ərzaq çatışmazlığını daha da ağırlaşdırır. Vəziyyətin 2027-ci ilin mayınadək pisləşəcəyi və ya kritik olaraq qalacağı gözlənilir.

BMT qeyd edib ki, dünyada aclıq təhlükəsi ilə üzləşən bölgələrdə vəziyyət pisləşməkdə davam edir. Siyahıya dörd yeni bölgə daxil edilib: Çad, Uqanda, Cənubi Afrika ölkələri (Esvatini, Malavi, Mozambik, Zambiya və Zimbabve) və Mərkəzi Amerikanın quraq dəhlizi. Son iki bölgədə El-Ninyo hadisəsi kənd təsərrüfatı istehsalı və ərzaq təhlükəsizliyi üçün əlavə risklər yaradır.

Bir sıra bölgələrdə aclıq təhlükəsi qalmaqdadır. Proqnozlara görə, Sudanın Şimali Darfur və Cənubi Kordofan bölgələrinin 13 rayonunda 2027-ci ilin yanvarınadək aclıq təhlükəsi davam edəcək. Somalinin Baydoa şəhərində köçkünlər arasında, eləcə də Cənubi Sudanın dörd rayonunda oxşar təhlükələr müəyyən edilib.

BMT-nin bildirdiyinə görə, aclığın əsas səbəbi yenə də silahlı münaqişələrdir. Lakin iqtisadi və iqlimlə bağlı kəskin dəyişmələr vəziyyəti daha da ağırlaşdırır.

“Silahlı münaqişələr və zorakılıq 16 bölgənin 12-sində vəziyyəti ağırlaşdıran əsas amillərdir. Bu səbəblər kənd təsərrüfatı istehsalını, bazarların fəaliyyətini və humanitar yardımın çatdırılmasını pozur. Ərzaq, enerji daşıyıcıları, gübrə və nəqliyyat xidmətlərinin yüksək qiymətləri əhalinin alıcılıq qabiliyyətini daha da azaldır və istehsal xərclərini artırır”.

BMT bu ölkələrdə qabaqlayıcı tədbirlərin görülməsinin və təcili humanitar yardım ayrılmasının zəruriliyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: