Sakit okeanın dibində ən güclü partlayıcı vulkan püskürməsinin sübutları tapılıb

A- A A+

Sakit Okeanın qərbində yerləşən uçurumda məsafədən idarə olunan sualtı qayıqdan istifadə edən beynəlxalq dəniz geoloqları qrupu Yer kürəsində ən dərin partlayıcı vulkan püskürməsinin sübutlarını tapıb. Tədqiqat okeanın 6500 metr dərinliyində aparılıb.

NUHÇIXAN “Reuters” agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılar, “Jason-Medea” adlı məsafədən idarə olunan vasitə ilə ROV alətini yerləşdirmək üçün planetin ən dərin okean vadilərindən biri olan Mariana çökəkliyinə dalıblar. Onlar ROV-dan Yer kürəsində dəniz dibinin ən dərin nöqtəsi olan “Challenger Deep” ətrafındakı xəndək divarlarını öyrənmək üçün istifadə ediblər.

ROV püskürən qaya parçaları və vulkanik şüşədən ibarət partlayıcı lava püskürməsinin sübutu olan piroklastik süxurları müşahidə edib və toplayıb.

“Əsas tapıntılar xəndəyin yaxınlığında son zamanlar baş verən maqmatik aktivliyin kəşfidir”, - deyə Dallasdakı Texas Universitetinin professoru və “Frontiers in Earth Science” jurnalında tapıntıları təsvir edən araşdırmanın aparıcı müəllifi Robert Stern bildirib. O əlavə edib: “Piroklastik süxurlar quruda və hətta dayaz okeanda vulkan püskürmələrindən yaxşı məlumdur, lakin onlar kəşf etdiyimiz qədər dərində məlum deyildi”.

“Mariana” çökəkliyi Yer səthində qitə miqyasında layların sərt hərəkətini əhatə edən “lay tektonikası” adlanan prosesin bir hissəsi olaraq əmələ gəlib. Xəndək bir layın digərinin altına girdiyi sərhəd olan subduksiya zonasının səth təzahürüdür.

Subduksiya zonasının üstündəki səthdə adətən böyük vulkanlar olur, lakin bunlar ümumiyyətlə xəndəkdən təxminən 200-300 kilometr məsafədə yerləşir. Tədqiqatçıların aşkar etdiyi piroklastik süxurlar xəndəyin özündə olub.

ROV, həmçinin “Challenger” dərinliyinin yaxınlığında, dəniz dibindəki xəndək və vulkanlar xətti arasında yuxarı layın bir hissəsi olan və ön hissə adlanan geoloji strukturun 550 kilometri boyunca tədqiqat aparıb.

Stern bildirib: “ROV dəniz dibindən 6500 metr dərinliyə qədər nümunələrə baxmaq və onları toplamaq üçün istifadə etdiyimiz əsas tədqiqat alətimiz idi. Cəmi 10 dalış etdik, bunlardan yeddisi “Challenger” dərinliyi ətrafındakı ön hissədə idi. Digər üçü isə hava şəraiti səbəbindən Quam yaxınlığındakı dayaz sularda həyata keçirilib”.

Tədqiqatçılar vulkanik ərazilərdəki böyük su təzyiqini nəzərə alaraq, bu partlayıcı püskürmələrin belə dərinliklərdə necə baş verdiyini anlamağa çalışırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: