Böyük Britaniyanın ən iri qaz anbarı martın sonunda bağlana bilər

A- A A+

“British Gas” şirkətinin sahibi olan Britaniyanın “Centrica” şirkəti ölkənin Yorkşir sahilləri yaxınlığında yerləşən ən böyük qaz anbarı “Rough”un bağlanma riski barədə xəbərdarlıq edib.

NUHÇIXAN “Sky News” telekanalına istinadla xəbər verir ki, bu barədə şirkətin rəhbəri Kris O'Şinin əməkdaşlara ünvanladığı xidməti məktubda bildirilir.

Hökumət müdaxilə etməyəcəyi təqdirdə, istismarın qeyri-rentabelli olması səbəbindən anbarın martın sonunda bağlanması planlaşdırılır. Obyektdə ştatlı əməkdaşlar və podratçılar da daxil olmaqla, təxminən 400 nəfər çalışır.

K.O'Şi məktubda nazirlərin bu qış ərzində anbarın fəaliyyətini dəstəkləmək üçün qısamüddətli razılaşmanı rədd etməsindən məyusluğunu ifadə edib. O, həmçinin hökumətin köhnəlmiş yeraltı qaz anbarlarına uzunmüddətli dəstək sorğusuna cavab verməyi ləngitdiyini qeyd edib.

“Energetika naziri Miatta Fanbulle artıq bizə bildirib ki, hökumət bu qış üçün qısamüddətli razılaşmadan istifadə etməyəcək”, - deyə K.O'Şi yazıb. Onun sözlərinə görə, nazirliyə məsləhətləşmələrin nəticələrini işləmək üçün daha çox vaxt lazımdır və tam cavab yalnız gələn il veriləcək.

“Centrica” rəhbəri şirkətin əməkdaşların iş yerlərini qorumaq üçün əlindən gələni etdiyini vurğulayıb.

“Rough” anbarı adətən yay aylarında qazı ucuz qiymətə toplayır, qışda tələbat artdıqda isə satışa çıxarır. Lakin son illərdə bir-birini əvəz edən enerji böhranları bu sxemi pozaraq obyektin modernləşdirilməsinin maliyyələşdirilməsini çətinləşdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: