Fransanın Ümumi Əmək Konfederasiyası (CGT) minimum əməkhaqqının (Smic) artırılması ərəfəsində maaşlarla bağlı danışıqlara başlamayan işəgötürənlərin cəzalandırılmasını tələb edib. Həmkarlar ittifaqı əməkhaqlarını artırmayan sektorlara sosial sığorta ödənişləri üzrə güzəştlərin ləğvini təklif edir.
NUHÇIXAN xəbər verir ki, CGT-nin məlumatına görə, minimum əməkhaqqının yeni səviyyəsindən aşağı tariflər müəyyən edilmiş 164 peşə sahəsindən yalnız 55-də dekabrın 15-dək əməkhaqqı danışıqlarının başlanması gözlənilir.
Montrey şəhərində keçirilən mətbuat konfransında konfederasiyanın rəhbər heyətinin üzvü Aqata Lö Berder danışıqların ləng getdiyini bildirib. CGT bütün əməkhaqlarının 2026-cı ildə Smic-in artımına uyğun olaraq ən azı 5,3 faiz yüksəldilməsini, minimum əməkhaqqının isə aylıq 2 200 avro brutto səviyyəsinə çatdırılmasını tələb edir.
Dekabrın 1-dən Fransada minimum əməkhaqqı 1,6 faiz artırılaraq, həftədə 35 saatlıq iş rejimi üçün aylıq 1 897,35 avro brutto olacaq. Hökumət bu artımı noyabrın 9-da həmkarlar ittifaqları və işəgötürənlərlə keçirilən sosial konfransdan sonra elan edib.
İşəgötürənləri minimum tarifləri artırmağa təşviq etmək məqsədilə noyabrın 10-da dərc olunan digər qərar müvafiq sahələrdə işəgötürənlərin sosial sığorta ödənişləri üzrə güzəştlərin hesablanmasını sərtləşdirir. CGT bu mexanizmin tətbiqi üçün nəzərdə tutulan müddətin iki aya endirilməsini və dekabrın 1-də əməkhaqlarının artırılması tələbi ilə aksiyaların keçirilməsinə çağırıb.
