Almaniya 2027-ci ildə müdafiəyə rekord məbləğdə, təxminən 140 milyard avro ayıracaq

A- A A+

Almaniya 2027-ci ildə müdafiə xərclərinə təxminən 140 milyard avro yönəldəcək ki, bu da Soyuq müharibə dövründən bəri rekord göstəricidir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Almaniyanın “Der Spiegel” jurnalı məlumat yayıb.

Nəşrin yazdığına görə, Bundestaq ümumi xərcləri 556 milyard avro olan ölkə büdcəsini təsdiqləyib. Cari illə müqayisədə xərclər təxminən 31 milyard avro artacaq. Büdcə ehtiyaclarını qarşılamaq üçün hakimiyyət xüsusi fondların vəsaitləri də daxil olmaqla, təxminən 210 milyard avro həcmində yeni borclanma cəlb etmək niyyətindədir.

Berlin daha 12 milyard avronu Ukraynaya ayırmağı planlaşdırır. Bununla yanaşı, orta və aşağı gəlirli ailələrin və vətəndaşların maliyyə yükünü azaltmağa yönəlmiş gəlir vergisi islahatı hələlik razılaşdırılmayıb.

“Der Spiegel” qeyd edir ki, büdcə müzakirələri XDİ/XSİ (Xristian-Demokrat İttifaqı / Xristian-Sosial İttifaqı) bloku ilə ASDP (Almaniya Sosial-Demokrat Partiyası) arasında uzun sürən mübahisələrlə müşayiət olunub.

Qeyd edək ki, bu həftə Avropa İttifaqı liderləri Brüsseldə keçirilən danışıqlarda qurumun yeddiillik büdcəsini razılaşdıra bilməyiblər. Almaniya kansleri F.Mertsin sözlərinə görə, üzv ölkələrin yeni büdcənin necə formalaşdırılmalı olduğuna dair baxışları hələ də kəskin şəkildə fərqlənir. F.Merts, həmçinin bəyan edib ki, Avropa İttifaqı çox güman ki, 2028–2034-cü illər üzrə büdcəni 200 milyard avrodan çox azaltmalı olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: