Yerevan polisi Ermənistanda açıq cəmiyyət fondunun (“Soros” fondu) fəaliyyətinin dayandırılmasını tələb edən nümayişçiləri təşkilatın ofisinə tərəf buraxmayıb.
NUHÇIXAN xarici KİV-lərə istinadla xəbər verir ki, “Veto” ictimai-siyasi hərəkatının təşkil etdiyi aksiyanın iştirakçıları polis səddini yarmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Belçikada “sarı jiletlər” aksiyasının aktiv iştirakçılarından biri Krist Berteryan da Yerevandakı etirazlara qoşulub. Aksiya iştirakçıları “Soros” fondunu Ermənistanın daxili işlərinə qarsımaqda ittiham edirlər.
“Mən polislərdən əvvəllər məhkəmə və hökumət binalarının, həmçinin Milli Məclisin qarşısında nümayişlər keçirərək onların işini iflic etməyə, konstitusiya quruluşunun devrilməsi yolu ilə hakimiyyəti ələ keçirməyə imkan verdikləri halda, “Soros” fondunun ofisi qarşısında dinc aksiya keçirməyimizə nə üçün icazə vermədikləri ilə maraqlandım. Mənə heç kim cavab vermədi”, - aksiyanın təşkilatçısı Narek Malyan jurnalistlərə belə deyib.