Ermənistan vətəndaşı Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşını qətlə yetirməkdə şübhəli bilinir
Ermənistan vətəndaşı Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Nikita Belyankini qətlə yetirməkdə şübhəli bilinir.
NUHÇIXAN xəbər verir ki, iyunun 1-də gecə Moskva vilayətinin Krasnoqorsk rayonunda xüsusi xidmət orqanlarının Suriyada döyüşmüş keçmiş əməkdaşı 24 yaşlı Nikita Belyankin qətlə yetirilib. O, axşam evə qayıdarkən qonşuluqdakı barlardan birinin qarşısında bir qrup adamın bir nəfəri döydüyünün şahidi olub. Belyankin düşünmədən təklənmiş şəxsi müdafiə etməyə çalışıb. Kütlənin ona qarşı gəldiyini görən Nikita üstündə olan travmatik tapança ilə göyə xəbərdarlıq atəşi açıb. Lakin davada iştirak edənlərdən biri onu ürəyindən ölümcül yaralayıb. Nikita yerindəcə keçinib.
Bu hadisə Rusiyada böyük əks-səda doğurub. Nikitanın hərbçi dostları hadisə yerinə gələrək istintaqın gedişinə kömək edirlər. Araşdırma zamanı məlum olub ki, Nikita Belyankinin ürəyindən ölümcül bıçaq zərbəsi vuran Ermənistan vətəndaşıdır. Keçmiş hərbçinin atasının sözlərinə görə, o, hadisənin baş verdiyi gecə Rusiyanı tərk edərək Ermənistana qaçıb. Cinayət işinin istintaqı davam edir.