Ermənistanın apelyasiya məhkəməsi sabiq prezident Robert Koçaryanın azadlığa buraxılması haqqında birinci instansiya məhkəməsinin qərarını ləğv edib və o, yenidən həbs olunub.
NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, apelyasiya məhkəməsindən Koçaryanın azadlığa buraxılması müqabilində verilən girov ödənişinin geriyə qaytarılacağı və onun qərardan sonrakı 15 gün müddətində şikayət verə biləcəyini bildiriblər. Sabiq prezident və onun vəkilləri məhkəmə iclasını boykot ediblər.
Koçaryanın təcili həbsinin onun son günlərdə Paşinyan hakimiyyətinin siyasətini, xüsusilə Dağlıq Qarabağdakı saxta rejimə münasibətini sərt tənqid etməsi ilə əlaqələndirirlər.
Xatırladaq ki, 2018-ci ilin iyulunda sabiq prezidentə qarşı konstitusiya quruluşunun devrilməsi ittihamı ilə cinayət işi qaldırılıb və o, bir gün sonra həbs edilib. Bu ilin mayında saxta “respublika”nın liderlərinin zəmanəti ilə azad edilən Koçaryanın cinayət işi Konstitusiya məhkəməsinə göndərilib. Sabiq dövlət başçısına qarşı böyük məbləğlərdə rüşvət alma ittihamı da irəli sürülüb. O, bu ittihamları rədd edir və həbsinin siyasi təqib olduğunu bəyan edir.