2019-cu ilin ilk rübündə Ermənistan iqtisadiyyatına xarici sərmayə qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə on dəfədən çox azalıb. NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, bu məlumat Ermənistan Statistika Komitəsinin hesabatında yer alıb. Rəqəmlərə əsasən, 2019-cu ildə birbaşa sərmayələrin həcmi 37 milyard dram azalıb. Əgər 2018-ci ilin birinci rübündə bu göstərici 40 milyard dramdan çox idisə, cari ilin müvafiq dövründə cəmi 3 milyard, 317 milyon olub.
Erməni iqtisadçılarının sözlərinə görə, bu kəskin azalmanın səbəblərindən biri Amulsar qızıl mədəninin fəaliyyətinin dayanması olubsa, əsas səbəb Ermənistanda “məxməri inqilab”dan bir il sonra davam edən qeyri-sabitlik və vergi sistemindəki uyğunsuzluqlardır. Onların sözlərinə görə, xarici sərmayəçilər ölkədəki daxili siyasi vəziyyətə çox həssas yanaşırlar. Bundan başqa, “kölgə iqtisadiyyatı”, real rəqabət mühitinin, sərmayəçilər üçün güzəştlərin olmaması da iqtisadiyyata xarici sərmayələrin cəlb olunmasının qarşısını alan amillərdir. Eyni zamanda, müxtəlif vaxtlarda verilən vədlərə baxmayaraq, hökumət hələ də azad iqtisadi zonaların yaradılması üzrə heç bir konkret addım atmayıb. Ən başlıcası isə, baş nazir Nikol Paşinyanın da qeyd etdiyi kimi, Ermənistanda müstəqil məhkəmə sisteminin yoxluğu da bu məsələdə mənfi amillərdən birinə çevrilib.