ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) Saturnun ən iri peyki olan Titanı tədqiq etmək üçün “Dragonfly” kosmik aparatını kosmosa göndərəcək. NUHÇIXAN agentliyin rəsmi saytına istinadla xəbər verir ki, bu məlumat NASA-nın direktoru Ceyms Braydenstaynın çıxışında yer alıb.
NASA-nın direktoru deyib” “Mən böyük qürur hissi ilə bəyan edirəm ki, “New Frontiers” (Yeni hüdudlar) proqramı çərçivəsində bizim “Dragonfly” adlı yeni missiyamız Saturn planetinin ən böyük peyki olan Titanı tədqiq edəcək. Bu kosmik aparat Titanın çox ağır atmosferində 160 kilometr məsafə qət edə biləcək ilk pilotsuz modul olacaq”.
Ceyms Braydenstayn çıxışında qeyd edib ki, Titan bizim Günəş sistemində heç bir göy cisminə bənzəmir. O əlavə edib: “Titan daha çox Yerin ibtidai halına oxşayır. Aparatda quraşdırılmış alətlər bizə üzvi maddələri tədqiq etməyə, Titanın həyat üçün yararlı olduğunu müəyyənləşdirməyə və keçmişdə, hətta indi də burada həyat əlamətlərinin olmasını göstərən kimyəvi elementləri axtarmağa imkan verəcək. Onu da deməliyəm ki, hələ iki-üç il əvvəl bu cür inqilabi missiyanın həyata keçirilməsi sadəcə ağlagəlməz idi”.
Titan Saturnun ən böyük peykidir və Günəş sisteminin digər planetlərinin peykləri arasında böyüklüyünə görə ikincidir. O, ölçüsünə görə Merkuri planetindən də böyükdür. Titan, həmçinin sıx atmosferi olan yeganə peykdir.
Bundan əvvəl “New Frontiers” proqramı üzrə 3 kosmik aparat - Bennu asteroidini tədqiq edəcək “OSIRIS-Rex”, 2016-cı ildə Plutona ən yaxın məsafədən keçmiş “New Horizons” və Yupiterin tədqiqatını aparan “Juno” zondu yaradılıb.