Qüdsdə 2000 il tarixi olan Kralların sərdabası arxeoloji abidə 2010-cu ildən sonra yenidən ziyarətə açılıb. Fransa dövlətinin mülkiyyətində olan tarixi məkan haqqında məlumatı bu ölkənin Qüds şəhərindəki konsulluğu yayıb.
NUHÇIXAN BBC telekanalının saytına istinadla xəbər verir ki, Roma imperiyası dövrünə aid olan tarixi sərdabada daşüstü rəsmlər, sarkofaqlar həftənin 3 günü ziyarətçilərə açıq olacaq. Ziyarətçilər maksimum 15 nəfər olmaqla sərdabada 45 dəqiqədən artıq qala bilməzlər. Sarkofaqlar isə təhlükəsizlik baxımından ziyarətçilər üçün bağlı olacaq. Qüdsdəki Qədim Şəhərin 700 metrliyində yerləşən bu abidə hündür hasarlarla əhatə olunub və dəmir darvazada Fransanın dövlət bayrağı dalğalanır. 2010-cu ildə bərpa işləri məqsədilə bağlanılan abidəyə 1,1 milyon avro vəsait sərv olunub. Bu müddətdə yəhudilər dəfələrlə məzarların onların əcdadlarına aid olduğunu iddia edərək burada ibadət etmək hüquqlarını irəli sürüblər.
Bu tarixi abidənin Fransaya məxsus olmasının qəribə tarixçəsi var. Fransız arxeoloq Felisiyen de Solsi 1860-cı ildə həmin ərazidə qazıntı aparmağa başlayıb və 1863-cü ildə İncildə də adları olan krallar Davud və Süleymanın qəbirlərini aşkar edib. Bundan başqa, ərazidə bir neçə başqa sarkofaqlar da tapılıb. Onların bir neçəsi, o cümlədən üzərində qədim aramey əlifbası olanları Parisdəki Luvr muzeyində saxlanılır. Həmin illərdə Fransada yaşayan yəhudi bankir ailəsi isə sözügedən torpağı satın alaraq Fransa dövlətinin mülkiyyətinə keçirib.