2018-ci ildə Gürcüstanla Ermənistan arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 41 faiz azalıb. NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, bu rəqəm Ermənistanın İqtisadi İnkişaf və İnvestisiyalar Nazirliyinin hesabatında yer alıb.
Statistik məlumata görə, iki ölkə arasında 2016-cı ildə ən yüksək səviyyəyə - 245 milyon dollara yüksələn ticarət həcmi ötən il cəmi 138,8 milyon dollar olub. Ermənistanın iqtisadiyyat naziri Avaq Avanesyan bunu iki ölkə arasında uzunmüddətli kontraktların müddətinin başa çatması ilə əlaqələndirsə də, iqtisadçılar əsas amilin bu ölkədə iqtisadi vəziyyətin pisləşməsi ilə izah edirlər. Onların fikrincə, “məxməri inqilab”dan sonra daxili siyasi çəkişmələrlə məşğul olan hazırkı hökumət vəd etdiyi iqtisadi inqilabı həyata keçirə bilməyib. Əksinə, 2019-cu ilin ilk rübündə Ermənistan iqtisadiyyatına xarici sərmayə qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə on dəfədən çox azalıb. Rəqəmlərə əsasən, 2019-cu ildə birbaşa sərmayələrin həcmi 37 milyard dram azalıb. Əgər 2018-ci ilin birinci rübündə bu göstərici 40 milyard dramdan çox idisə, cari ilin müvafiq dövründə cəmi 3 milyard, 317 milyon olub.
Analitiklər qeyd edirlər ki, iqtisadiyyatda baş verən geriləmə əhalinin sosial vəziyyətinə də mənfi təsir göstərəcək. Bütün bunlar isə yaxın gələcəkdə Paşinyan hökuməti üçün yaxşı heç nə vəd etmir.