BMT-nin təşəbbüsü ilə hər il iyunun 30-da Beynəlxalq Asteroidlər Günü qeyd olunur. NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu münasibətlə jurnalistlərə göy cisimlərindən bəhs edən rusiyalı ekspert Anatoli Zaytsev kosmosdakı bütün təhlükəli asteroidlərin aşkar edilməsi üçün bəşəriyyətə min illər lazım olduğunu vurğulayıb.
Rusiyanın Planetar Müdafiə Mərkəzinin baş direktoru A.Zaytsevin sözlərinə görə, Yer kürəsinin asteroidlərdən müdafiəsi üçün “Tsitadel” adlı planetar müdafiə mərkəzinin yaradılması məqsədəuyğundur. O əlavə edib: “Yerə yaxınlaşan 15-20 metr ölçüsündə olan (Çelyabinskə düşən asteroid kimi) asteroidlərin sayı bir neçə milyondur və indiki templərlə onların aşkar edilməsinə min illər tələb olunur. Astronomlar planetimizə yaxınlaşan 20 min asteroidin təhlükəsiz olduğu qənaətindədirlər, onların orbiti də artıq hesablanıb. Lakin “kosmik bilyard” sistemi nəticəsində təhlükəsiz obyektlər də təhlükə törədə bilərlər. “Tsitadel” planetar müdafiə mərkəzi isə hətta Günəş tərəfindən gələn asteroidin Yerlə toqquşmasından bir neçə sutka əvvəl xəbərdarlıq siqnalı verə bilər. Bundan sonra kosmik-raket və nüvə sistemləri vasitəsilə onu kənarlaşdırmaq və ya məhv etmək mümkündür”.
Rusiyalı ekspert kosmosdan gələcək təhlükələrdən qorunmaq üçün qitələrarası RS-20 “Voevoda” ballistik raketlərindən istifadə etməyi təklif edib. Bu cür eşelonun yaradılması isə 5-10 milyard dollara başa gələcək.
Beynəlxalq Asteroidlər Günü 2016-cı ilin dekabrında – Tunqus meteoritinin Yerə düşməsinin ildönümü günü təsis edilib. BMT-nin bu qərarının əsas məqsədi dünya ictimaiyyətini asteroidlər barədə məlumatlandırmaq, onların Yerlə toqquşması zamanı insanların və dövlət strukturlarının fəaliyyəti barədə maarifləndirmə işləri aparmaqdır.