Misir hökuməti firon Tutanxamonun 3 min il tarixi olan büstünün Londonda hərraca çıxarılmasına etiraz edib. Bu qiymətli tarixi abidənin çərşənbə günü Kristi hərracında ən azı 5,1 milyon dollara satışa çıxarılacağı bildirilir.
NUHÇIXAN MENA agentliyinə istinadla xəbər verir ki, Tutanxamonun büstünü hərraca çıxarılması Misir ictimaiyyətində etiraz doğurub və hökumət diplomatik yollarla bunun qarşısını almaq istəyir. Misirin Tarixi Abidələr üzrə Nazirliyinin rəsmisi Şaban Əbdül Cavad bildirib ki, nazirlik Kristi hərracına müraciət edərək 28,5 santimetr uzunluğu olan büstün və daha 31 digər artefaktın mülkiyyət sənədlərinin təqdim edilməsini xahiş edib. O əlavə edib: “Misirdən aparılan hər bir artefaktla əlaqədar İnterpol və Misirin Xarici İşlər Nazirliyi birgə əməkdaşlıq şəraitində iş aparırlar. Nazirlik bu büstün hərraca çıxarılmasını dayandırmaq və geri qaytarılmasını tələb edir”. Nazirlik rəsmisi bu məsələ ilə bağlı UNESKO-ya da müraciət ünvanlandığını bildirib.
Misir hökuməti Londondakı səfirlik vasitəsilə Tutanxamonun büstünün ölkədən qanuni çıxarılmasını təsdiq edən sənədləri tələb edib. Tarixi Abidələr Ali Şurasının rəhbəri Mustafa Əl Vəziri qeyd edib ki, bu büst 1992-ci ildə Yuxarı Misirdəki Luksor ərazisində firon Tutanxamonun sərdabasından götürülüb.
Kristi hərracından isə bildiriblər ki, sözügedən büst özəl Resandro kolleksiyasına məxsusdur və onun mülkiyyət sənədləri qaydasındadır. Misir rəsmisinin iddiasının əksinə olaraq, hərracın nümayəndəsi bildirib ki, büst 1985-ci ildə Haynz Herzer adlı kolleksiyaçıdan alınıb və bundan əvvəl avstriyalı Cozef Messinaya məxsus olub. Kristi hərracı onu da əlavə edib ki, bu abidə qədim Misir ilahisi Amunun formasında olan oğlan büstüdür.