Misirşünas alimlərin gəldiyi qənaətə görə, qədim misirlilər gözlərinə qalın qat sürmə çəkməsi təkcə makiyaj funksiyası deyil, həmçinin isti iqlim şəraitində gözləri və göz qapaqlarının dərisini günəşdən, tozdan və həşəratlardan qorumaq funksiyası daşıyırıb.
NUHÇIXAN xəbər verir ki, alimlər qədim misirlilərin istifadə etdiyi dekorativ kosmetikanın kimyəvi tərkibini araşdırdıqda məlum olub ki, gözə çəkilən sürmənin tərkibində qurğuşundan istifadə edilib. Alimlər güman edir ki, qurğuşun birləşmələri gözün selikli qişasındakı infeksiyalardan qorunmaqda səmərəli vasitə olub. Bununla yanaşı, qədim kosmetikada təbiətdə sərbəst formada mövcud olmayan və misirlilər tərəfindən xüsusi qaydada sintez edilən laurenit qurğuşunu ((Pb(OH)Cl) və fosqenit (Pb2Cl2CO3) birləşmləri aşkar olunub.
Qədim Misirdə göz üçün boya Sinay dağlarında hasil olunan minerallardan düzəldilib. Sürmə hazırlananda onu toz şəklinə salıb, yaşıl malahit daşının tozunu əlavə edəndən sonra, yağ və piylə qarışdırıb krem şəklinə salıblar. Daha sonra bu kremləri daş və yaxud saxsı qablarda saxlayıblar.
Ümumiyyətlə, Misirdə tapılan qədim artefaktların əksəriyyəti qədim misirlilərin xarici görünüşə, kosmetikaya, parfumeriyaya və gigiyenaya böyük önəm verdiklərinə dəlalət edir.