BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının hesabatında bildirilir ki, 2020-ci ildə hazırda 60 ölkədə yerləşmiş1,4 milyon qaçqının köçürülməsinə ehtiyac yaranacaq. Bu səbəbdən ailələrindən ayrı düşmüş həmin insanlara kömək etmək üçün dünya ölkələrinə müraciət olunub.
NUHÇIXAN BMT-nin saytına istinadla xəbər verir ki, köçürülməyə möhtac olan qaçqınların 70 faizi zorakılıq və işgəncə halları ilə üzləşib. Onların 40 faizi Suriya, 14 faizi Cənubi Sudan və 11 faizi Konqo Demokratik Respublikası vətəndaşlarıdır. Bundan başqa, Türkiyə ərazisində məskunlaşmış 3,7 milyon qaçqının da 420 mini ailələri ilə birləşmək üçün köçürülməyə möhtacdır.
Hesabatda qeyd olunur ki, qaçqınların yerləşdirilməsi məsələsi getdikcə daha da kəskinləşir. Belə ki, bütün dünya üzrə 70,8 milyon insan öz evlərini tərk etməyə məcbur olub. Onlardan təqribən 26 milyonu isə qaçqınlardır. BMT-nin qaçqınların işi üzrə Ali Komissarı Filippo Qrandi bildirib ki, müharibələr, silahlı münaqişələr və təqibdən qaçan insanların sayının rekord səviyyəyə çatdığını nəzərə alaraq, indi ölkələrin daha çox qaçqına yer verməsi aktual problemə çevrilib. Onun sözlərinə görə, qaçqınların 84 faizi inkişaf etməkdə olan ölkələrdə məskunlaşıblar, amma həmin ölkələrin özləri böyük iqtisadi və sosial problemlərlə qarşılaşıblar. BMT-nin Ali Komissarı hesab edir ki, inkişaf etmiş və varlı ölkələr bu problemin həllinə daha çox kömək etməlidirlər.