Ermənistan Fransa-Azərbaycan hərbi-texniki əməkdaşlığından təşvişə düşüb. NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, rəsmi Yerevan “Paris Air Show-2019” hərbi texnika sərgisində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və Fransanın “Nexter” silah və hərbi texnika istehsalçısı arasında danışıqlardan ciddi narahatlıq keçirib. Ermənistan, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin də Bakı ilə hərbi-texniki sahəsində əməkdaşlığından narahat olduğunu bəyan edib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan jurnalistlərə bildirib ki, rəsmi Yerevan Fransa şirkətinin Bakıya tədarük edəcəyi hərbi texnikanın Qarabağda istifadə olunmayacağına ümid edir. Lakin erməni rəsmisi sadə həqiqəti unudub ki, dünyada hərbi-texniki əməkdaşlıq sahəsində bağlanılan müqavilələrdə bu cür şərtlər qoyulmur.
Təşvişə düşən erməni rəsmisi Fransanı Azərbaycana silah satmamağa çağırıb. Parisin bu addımının regionda tarazlığı pozacağını, sülhə və sabitliyə mənfi təsir göstərəcəyini söyləyən XİN rəsmisinin sözləri Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycana qarşı səsləndirdiyi hədələrin fonunda qeyri-səmimi görünür.