Avstriya parlamenti siyasi partiyalara maliyyə dəstəyi ilə bağlı qanunvericiliyi sərtləşdirib.
NUHÇIXAN xəbər verir ki, yeni qaydalara əsasən, fərdi şəxs və ya şirkətlər bir il ərzində hansısa siyasi partiyaya 7500 avrodan artıq ianə köçürə bilməz. Eyni zamanda, partiyaların il ərzində ümumilikdə 750 min avrodan artıq ianə qəbul etməsi qadağan olunub. Avstriya Sosial-Demokratlar Partiyası (SPÖ), Avstriya Azadlıq Partiyası (FPÖ) və JETZT (İNDİ) siyahısı tərəfindən təqdim edilən qanun layihəsi, ilk növbədə, seçki kampaniyalarında partiyaların böyük vəsaitlər xərcləməsinə qarşı yönəlib və yuxarı həddi keçən partiyalara cəza tədbirləri nəzərdə tutur.
İndiyədək siyasi partiyalara ianə köçürülməsində heç bir məhdudiyyət yox idi, partiyalar yalnız hansısa fiziki və ya hüquqi şəxsdən il ərzində 3500 avrodan artıq maliyyə vəsaiti qəbul etdikdə, bunu Hesablamalar Palatasına bildirməli idilər. İndi isə illik dəyəri 2500 avrodan yuxarı bütün vəsaitlər dərhal Hesablamalar Palatasına təqdim edilməlidir.
Qeyd edək ki, 2017-ci il parlament seçkilərində qalib gələn Avstriya Xalq Partiyası (ÖVP) qanunla icazə verilən həddi ciddi şəkildə keçmişdi. Yeni qanun, ilk növbədə, seçki kampaniyalarını maliyyə diktəsindən mühafizə etməyə xidmət göstərməlidir.