Misir hakimiyyəti “Christie's” satış evindən Tutanxamonun büstünü hərracdan çıxarmağı tələb edib.
NUHÇIXAN BBC telekanalına istinadla xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin iddiasına görə, 3 min il yaşı olan büst 1970-ci illərdə ölkədəki məbədlərdən birindən oğurlanıb. Qədim abidə hazırda fərdi kolleksiyada saxlanılır.
Misirli ekspertlərin fikrincə, büst 1970-ci ildən sonra, digər artefaktların Karnak məbədindən oğurlandığı zaman ölkədən çıxarılıb.
Satış evinin nümayəndələri lotun əvvəllər də ictimaiyyət qarşısına çıxarıldığını, lakin o vaxt Qahirənin heç bir etiraz irəli sürmədiyini qeyd edib.
Kvarsitdən hazırlanan 28 santimetrlik büst iyulun 4-də hərraca çıxarılacaq. Onun 5 milyon dollardan da yüksək qiymətə satılacağı gözlənilir.
Tutanxamonun sərdabəsi 1922-ci ildə britaniyalı arxeoloqlar tərəfindən aşkarlanıb. Sərdabənin alimlərə qədər açılmaması faktı ona və firona məşhurluq qazandırıb.
Qeyd edək ki, 1983-cü ildə Misirdə qədim əşyaların xaricə çıxarılması qadağan edilib.