Misir hakimiyyəti ötən həftə Londonda 4 milyon 746 min funt-sterlinqə (təxminən 6 milyon dollar) satılmış firon Tutanxamonun qədim daş büstünün yerinin müəyyən olunması üçün İnterpol qarşısında məsələ qaldırıb.
NUHÇIXAN France-Presse agentliyinə istinadla xəbər verir ki, hərrac iyulun 4-də “Christie's” satış evi tərəfindən keçirilib. Bu, vaxtilə xarici arxeoloqlar tərəfindən qanunsuz olaraq ölkədən çıxarılan tarixi abidələrin geri qaytarılmasını tələb edən Misir tərəfinin narazılığına səbəb olub.
Misir prokurorluğu Qədim Abidələrin Repatriasiyası üzrə Milli Komitənin tələbi ilə lazımı sənədləri olmayan belə əşyaların yerinin müəyyən edilməsinə order verməsi üçün İnterpola müraciət edib.
Tutanxamon Misiri eramızdan əvvəl 1332-1323-cü illərdə idarə edib. Onun sərdabəsi 1922-ci ildə britaniyalı arxeoloqlar tərəfindən aşkarlanan vaxta qədər toxunulmaz qalıb. Sərdabənin aşkarlanması XX əsrin ən böyük arxeoloji tapıntısı sayılır.
Qeyd edək ki, 1983-cü ildə Misirdə qədim əşyaların xaricə çıxarılması qadağan edilib.