Yaponiyanın “Hayabusa-2” kosmik zondu süxur nümunələri götürmək üçün Ryuqu asteroidinin səthinə enib.
NUHÇIXAN Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, eniş iyulun 11-də Yaponiya vaxtilə səhər saatlarında baş tutub. Bildirilir ki, zondun asteroidin səthinə enməsinə iyulun 10-da başlanıb. İlkin məlumatlara görə, zondun asteroidin üzərinə enməsi saat 10:20 dəqiqədə baş verib.
Xatırladaq ki, “Hayabusa-2” zondu Ryuqu asteroidinə ilk enişi cari ilin fevralında edib. Həmin vaxt Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) asteroidin səthindən nümunələrin götürülməsinin uğurla başa çatdığını bildirib.
Bu dəfə isə zond asteroidin səthinin dərinliyindən nümunələr götürəcək. Bunun üçün zond əvvəlcə metal mərmi vasitəsilə asteroidə atəş açaraq süni krater yaradıb.
Alimlərin qənaətinə görə, kosmik şüalanmanın təsirinə məruz qalmayan həmin nümunələr Günəş sisteminin formalaşması və həyatın yaranması prosesini aydınlaşdırmağa kömək edə bilər.