Macarıstan tarixçilərinin və arxeoloqlarının 2013-cü ildən həyata keçirdikləri Qanuni Sultan Süleymanın məzarının tapılması layihəsi başa çatıb. Arxeoloji ekspedisiya ərazidən Osmanlı qəsəbəsinin qalıqlarını da aşkar edib.
NUHÇIXAN BBC telekanalının saytına istinadla xəbər verir ki, Qanuni Sultan Süleymanın məzarının Macarıstanın Zigetvar qalasındakı “Üzüm təpəsi” adlanan yerdə olduğu bildirilir. Həmin yerdə 1566-cı il Zigetvarın Osmanlı ordusu tərəfindən mühasirəsi zamanı qərargah və padşah üçün tikilmiş otağın qalıqları da aşkar edilib. Tarixi mənbələrə görə, Qanuni Sultan Süleyman məhz bu təpədə vəfat edib. Qalanın fəthi gerçəkləşənə qədər onun ölümü gizli saxlanılıb və padşahın cənazəsi ordunun xəbəri olmadan dəfn edilib. Qala ələ keçirildikdən sonra isə Sultan Süleymanın nəşi İstanbula aparılıb. Beləliklə, buradakı müvəqqəti məzar Osmanlının Macarıstanı əsarətdə saxladığı 150 il ərzində mühüm bir ziyarət yerinə çevrilib. Onun üzərində inşa edilmiş türbə isə Avstriya ordusu Macarıstanı türklərdən geri aldıqdan sonra dağıdılıb.
Macarıstanın Peçs Universitetinin professoru Norbert Rapın rəhbərlik etdiyi arxeoloji ekspedisiyanı Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Macarıstan Elmlər Akademiyası maliyyələşdirib. Beş ildən artıq davam edən tədqiqatlar nəticəsində türbənin olduğu yerlə yanaşı, həm də buradakı Osmanlı qəsəbəsinin də qalıqları aşkar edilib. Ətrafı xəndək və divarlarla əhatə olunmuş qəsəbənin mərkəzində bir türbə, bir məscid və əsgər kazarması olub. Burada təsislərdə işləyən və orduya xidmət edən insanların yaşadığı iki məhəllə yerləşib. Evliya Çələbinin 1664-cü ildə yazdığı “Səyahətnamə”də burada binaların tikintisinin davam etdiyi qeyd olunub. Qara Mustafa Paşa da 1683-cü ildə Vyana yürüşü yolunda bu qəsəbədə qalıb, türbəni ziyarət edib.
“Tarixlə barışmaq, həm də xalqların barışmasıdır” deyən alimlər arxeoloji ekspedisiyanın nəticələrinin türk tarixi ilə yanaşı, macar tarixinə də töhfə olduğunu bildiriblər. Onlar yaxın illərdə Qanuni Sultan Süleymanın türbəsinin ziyarət yerinə çevriləcəyini istisna etmirlər. Bərpa olunan türbənin açılışının bu ilin sonunadək Türkiyə və Macarıstan rəsmilərinin iştirakı ilə keçiriləcəyi gözlənilir.