Ermənistanda tibb mərkəzinin baş həkimi vəzifəsindən azad edilmiş Serj Sarkisyanın qudası Ara Minasyanın barəsində beynəlxalq axtarış elan edilib. NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, Yerevan məhkəməsi onun qiyabi həbsinə dair qərar verib.
Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda bildirilir ki, sabiq prezidentin qudası iqtisadi cinayətlərdə ittiham edilir. Komitə iyulun 12-də onun həbs edilməsi ilə bağlı məhkəməyə vəsatətlə müraciət edib və hakim onu təmin edib. Minasyanın istintaqdan gizlənməsi və yerinin məlum olmaması səbəbindən onun barəsində beynəlxalq axtarış elan olunub.
Sarkisyanın qudası ağır nəticələrə səbəb olan kommersiya və ya digər təşkilatların səlahiyyətlərindən sui-istifadə edilməsində, bir qrup şəxslə əlbir olaraq sənədlərin saxtalaşdırılmasında, böyük məbləğdə maliyyə vəsaitlərinin israfında və mənimsənilməsində təqsirli bilinir. Onun dövlətə 1,9 milyon dollar zərər vurduğu və 152 min dollar məbləğində vəsaiti mənimsədiyi bildirilir.