ABŞ-ın Kosmik Tədqiqatlar və Aeronavtika Agentliyi (NASA) NGC 1156 adlanan uzaq qalaktikada “albalı çiçəklənməsi” təsvirini qeydə alıb. NUHÇIXAN agentliyin saytına istinadla xəbər verir ki, albalı çiçəklənməsinə bənzəyən parlaq işıqlar yeni ulduzların meydana gəldiyi bölgədə müşahidə edilib. Belə ki, energetik işıqlar yeni ulduzları fəzaya buraxır və onlara xarakterik çəhrayı rəng verən hidrogen qazlarının yaxınlığında heyrətamiz mənzərə yaranır.
NGC 1156 qalaktikası Qoç bürcünün yaxınlığında yerləşir. Bu, nizamsız cırtdan qalaktikadır və digər analoqlarından fərqli olaraq onun ətrafında aydın spiralvari kölgələr yoxdur. NGC 1156-ın mərkəzi regionunda da daha az ulduz yerləşir. Astronomlar müəyyən ediblər ki, buradakı qravitasiya digər qalaktikalara nisbətən daha zəifdir.