İsveç nüvə silahının qadağasına dair BMT-nin sazişini imzalamayacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə krallığın Xarici İşlər naziri Marqot Valström bəyan edib.
İsveçin xarici siyasət idarəsinin başçısı bildirib ki, hökumət hazırkı vəziyyətində nüvə silahının qadağası barədə konvensiyanı imzalamayacaq.
“Nüvə silahı və ya digər nüvə partlayıcı qurğularının” qadağasına səsləyən BMT sazişi təşkilatın Baş Assambleyası tərəfindən 2017-ci ilin iyulunda İsveç də daxil olmaqla, 122 ölkənin razılığı ilə qəbul edilib.
Valström qeyd edib ki, İsveç konvensiyanın qəbul olunmasına səs versə də, sazişin hansı silahı əhatə edəcəyi və bu silahın digər sazişlərə, məsələn, nüvə silahının yayılması barədə sazişə necə aid ediləcəyinə dair dəqiq müəyyənləşdirmənin olmamasından narahatlığını bildirib.
M.Valström vurğulayıb ki, İsveç sazişi imzalamaq əvəzinə müşahidəçi statusu almağa cəhd göstərəcək. Nazir əlavə edib ki, onun ölkəsi nüvə silahından təmizlənmiş bir dünyaya sadiq ölkə olaraq qalmaqdadır. “Mən istərdim ki, bizdə imzalanması mümkün olan konvensiya olsun... lakin siz də realist olmalısınız”, - deyə M.Valström bildirib.
Qeyd edək ki, sazişi 70 ölkə imzalayıb, 23 ölkə ratifikasiya edib. Saziş 50 ölkə tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir. Sənəd müəyyən mənada simvolik hesab edilir. Çünki nüvə silahı olan və ya nüvə silahına malik olmaqda şübhəli bilinən 9 ölkədən heç biri sazişi imzalamayıb.
Stokholm Dünya Problemləri Tədqiqatı İnstitutunun bu yaxınlardakı məruzəsində qeyd olunur ki, özünün 1980-ci ilin ortalarındakı pik vəziyyətindən sonra nüvə silahının ümumi miqdarı azalsa da, həmin silaha malik 9 ölkə öz arsenallarını təkmilləşdirir. Məruzənin dəyərləndirməsinə görə, 9 ölkə ümumilikdə 13865 ədəd nüvə silahına sahibdir.