İsveçrənin ən böyük mobil operatoru “Swisscom” şirkəti müştəri məlumatlarının silinməsi ilə əlaqədar kobud səhvi etiraf edib.
NUHÇIXAN xəbər verir ki, şirkətin müştərilərə təklif etdiyi “MyCloud” bulud texnologiyasında qüsurlar aşkarlanıb. Belə ki, sistemdə yenilənmə aparılarkən yüzlərlə müştərinin məlumatları bərpaolunmaz şəkildə yaddaşdan silinib. Onlayn yaddaş xidmətində silinən şəkil, video və digər məlumatlara görə müştərilərə kompensasiya təklif olunub.
Şirkətdən bildirilib ki, yaddaş optimallaşdırılması işləri zamanı səhvə yol verilib. “MyCloud” hesablarındakı məlumatlar səhvən yaddaş sistemindən birdəfəlik silinmə sahəsinə köçürülüb. Adətən bu sahəyə istifadəçilərin öz “zibil qutuları”ndan sildikləri məlumatlar göndərilir.
“Swisscom”un nümayəndəsi Sepp Huber baş verənlərlə bağlı çox məyus olduqlarını bildirərək istifadəçilərdən üzr istəyib. Gələcəkdə oxşar halların baş verməməsi üçün tədbirlər görüldüyünü bildirib.
Qeyd edək ki, bu səhv nəticəsində sadəcə pulsuz tətbiqetmədən yararlanan fərdi istifadəçilər zərər çəkib, biznes istifadəçilərinə heç bir ziyan dəyməyib.