NASA Aya və Marsa pilotlu missiya olmamasının səbəbini izah edib

A- A A+

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) Aya və Marsa pilotlu missiya olmamasının səbəbini izah edib. NUHÇIXAN xəbər verir ki, agentliyin baş direktoru Ceyms Braydenstayn CBS telekanalının “Face the Nation” (“Millətlə üz-üzə”) proqramında bunu maliyyə problemləri ilə əlaqələndirib.

Braydenstaynın sözlərinə görə, bu məsələdə həm texniki, həm də siyasi risklər mövcuddur. “Siyasi risk olmasaydı, biz elə indi Ayın səthinə enərdik. Açıq desək, bu risk bizim Marsın səthinə də enməyimizə mane olur”, -deyə NASA-nın rəhbəri əlavə edib. O, jurnalistlərin siyasi riskin nədən ibarət olduğu barədə sualına cavabında bildirib ki, bu, kosmik proqramların maliyyələşdirilməsi ilə bağlıdır.

Ceyms Braydenstayn daha sonra deyib: “Keçmişdə - 1990-2000-ci illərdə biz Ayın səthinə qayıtmaq və Marsa enmək üçün səylər göstərirdik. Lakin hər iki halda proqramların həyata keçirilməsi çox uzun sürdü. Onlara həddindən artıq vaxt və pul tələb olunurdu. Prezident Trampın da qeyd etdiyi kimi, siyasi riski aradan qaldırmaq məqsədilə biz çox çevik hərəkət etməliyik”. NASA-nın rəhbəri qeyd edib ki, agentliyin əsas məqsədi uzun fasilədən sonra Aya enəcək astronavtın qadın olmasıdır. Onun sözlərinə görə, “Artemida” proqramı üzrə yüksək peşəkarlığı olan astronavtlar, o cümlədən qadınlar təlim keçirlər.

Xatırladaq ki, bu ilin mayında ABŞ Prezidenti Tramp bu məqsədlər üçün NASA-ya büdcədən 1,6 milyard dollar ayırıb. NASA-nın mütəxəssisləri Aya pilotlu missiyanı 2024-cü ildə, Marsa isə 2030-cu ildə göndərməyi nəzərdə tuturlar. Braydenstayn bildirib ki, əsas hədəf amerikalı astronavtların Marsın səthinə enməsidir. “Qırmızı planetdə ABŞ bayrağının dalğalanması bizim nəslin əsl nailiyyəti olacaq və bütün amerikalıları ruhlandıracaq”, -deyə NASA-nın baş direktoru vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: