Gürcüstanın Xarici İşlər Nazirliyi iyulun 14-də Azərbaycan ilə sərhəddə yerləşən Keşikçidağ məbəd-kompleksində baş verən hadisə ilə bağlı məlumat yayıb.
NUHÇIXAN xəbər verir ki, nazirlik yaşanan insidentin təəssüfedici olduğunu bildirib və bu cür hərəkətləri yolverilməz hesab edib.
Məlumatda qeyd olunur ki, Gürcüstanın müvafiq qurumlarının təxirəsalınmaz reaksiyasından sonra insident tezliklə aradan qaldırılıb və faktla bağlı araşdırma aparılır.
“Bu cür hadisələr Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil. Buna görə də hesab edirik ki, ekspert qrupları və delimitasiya üzrə komissiyanın iclasları davam etdirilməlidir. Gürcüstan tərəfi bu görüşlərə tam hazırlığını ifadə edir”, - deyə nazirliyin məlumatında qeyd edilir.
Xarici İşlər Nazirliyi, eyni zamanda, ölkə ictimaiyyətini təxribatlardan çəkinməyə çağırıb.
Bildirilir ki, vətəndaşların danışıqların sakit mühitdə aparılmasını dəstəkləməsi əldə olunacaq uğurun mütləq şərtlərindən biridir.