Aya ilk və son pilotlu missiyanı həyata keçirən ABŞ-ın “Apollon11” kosmik gəmisinin uçuş planının səhifələri 62,5 min dollara satılıb.
NUHÇIXAN CNN telekanalının saytına istinadla xəbər verir ki, bu məlumatı Nyu-Yorkdakı Kristi satış evindən bildiriblər. Astronavt Bazz Oldrinin imzası və digər astronavtların qeydləri olan iki səhifə ilə yanaşı, əvvəllər elan olunmuş 195 lotdan 130-u da alıcılarını tapıb. Onlardan kosmik gəminin uçuş planının yekun versiyası 40 min dollara, Nil Armstronqun Ayın səthində çəkdirdiyi foto 32.5 min dollara, digər astronavt Maykl Kollinzin avtoqrafları 25 min dollara satılıb. Hərracda toplanan ümumi məbləğ 907 min dollar olub.
Lakin 7 milyondan 9 milyon dollaradək satışa çıxarılan lot satılmayıb. Söhbət “Lunar Module Timeline Book” (Ay modulunun qrafikinin kitabı) adlı təlimatdan gedir. Bu sənəd ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) astronavtların Yerə qayıtmasına qədər müddətdə əsas rəhbər təlimatından ibarətdir.
Hərrac iyulun 18-də - ilk insanın Ayın səthinə enməsinin 50 illiyi münasibətilə keçirilib. Amerikanın “Apollon-11” kosmik gəmisi 1969-cu il iyulun 20-də Yerin təbii peykinə enib. Həmin uçuş zamanı astronavtlar Nil Armstonq, Edvin (Bazz) Oldrin Ayın səthinə eniblər. Ekipajın üçüncü üzvü Maykl Kollinz isə gəminin Ayın orbitində yerləşən komanda modulunda olub.