2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının başlamasına düz bir il qalır və bu idman bayramına hazırlıqlar plan üzrə davam edir.
NUHÇIXAN xəbər verir ki, gələn il iyulun 24-dən avqustun 9-dək planetimizin bütün guşələrindən olan insanlar Yaponiyada təşkil ediləcək bu yarışları izləyəcək. 17 gün ərzində minlərlə atlet idmanın 33 növü üzrə Olimpiya proqramına daxil ediləcək rekord sayda – 339 idman yarışına qatılacaq.
Tokio rəsmiləri hazırda 42 Olimpiya obyektində, həmçinin Atletlər kəndində işlərin uğurla davam etdirildiyini bildirirlər. Həmin obyektlərdə tikinti işləri başa çatdırıldıqdan sonra onların belə nəhəng tədbirlərin təşkili ilə əlaqədar tələbləri ödədiyini yoxlamaq üçün test tədbirləri keçiriləcək.
Oyunların təşkilatçıları və bu işlə əlaqəli olan digər təşkilatlar isti havanın insanlara təsirini azaltmaq və Yaponiya paytaxtında nəqliyyatın hərəkətini tənzimləmək üçün müvafiq tədbirlərin görülməsini planlaşdırırlar.