ABŞ-ın “Dragon” yük kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) birləşib. NUHÇIXAN ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) saytına istinadla xəbər verir ki, “SpaceX” şirkətinə məxsus olan yük gəmisi orbital kompleksə çəkisizlik şəraitində tədqiq ediləcək mikroorqanizmlər aparıb.
NASA-nın məlumatında bildirilir ki, “Dragon”un Harmony moduluna birləşməsi prosesi “Canadarm2” manipulyatoru vasitəsilə həyata keçirilib. Daha sonra kosmik gəmi BKS-yə birləşib. Kosmik gəminin göyərtəsində 2,5 tondan çox ərzaq, elmi eksperimentlərin aparılması üçün avadanlıq və cihazlar var. İyulun 29-da BKS-də olan astronavtlar bu yükü boşaltmağa başlayıblar. Alimlər bildirirlər ki, BKS-də tədqiq ediləcək mikroorqanizmlər sayəsində gələcəkdə Marsda və digər göy cisimlərində müxtəlif bitkilərin yetişdirilməsi imkanları öyrəniləcək. Böyük Britaniya alimlərinin kosmosa göndərdikləri “Biorock” adlı materiallar isə perspektivdə Ayın və Marsın səthində bakteriyaların köməyi ilə qazıntılar aparmağa imkan verəcək.
Amerikalı astronomlar bildiriblər ki, bu uçuş NASA-nın sifarişi ilə “SpaceX” şirkətinin BKS-yə həyata keçirdiyi 18-ci missiyadır. Şirkət ikinci dəfə ard-arda geri qayıdan “Dragon” kapsulundan istifadə edib.
“Dragon” yük kosmik gəmisi Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromdan “Falcon 9” raketdaşıyıcısı ilə göndərilib. Onun dörd həftədən sonra Yerə qayıdacağı planlaşdırılır.