BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin hesabatında deyilir ki, insan alveri qurbanlarının 72 faizini qadınlar və qızlar təşkil edir. Lakin, eyni zamanda, müdafiəsiz oğlan uşaqları da cinayətkar şəbəkələrin toruna düşürlər.
NUHÇIXAN BMT-nin saytına istinadla xəbər verir ki, təşkilatın baş katibi Antonio Quterreş 30 iyul - Dünya İnsan Alveri ilə Mübarizə Günü ilə əlaqədar müraciət yayıb. Sənəddə deyilir: “İnsan alverçiləri və terror qruplaşmaları daha müdafiəsiz, yoxsulluq səviyyəsində yaşayan, silahlı münaqişə və ya müharibə zonalarında olan insanları hədəf alırlar. Miqrantlar və qaçqınlar da risk qrupuna daxildirlər. İnsan alverçilərinin qurbanı olan minlərlə insan dənizdə bataraq ölüb, səhralarda və gizli yerlərdə qul kimi saxlanılır”.
BMT-nin baş katibi hesab edir ki, bu məsələdə ən böyük problemlərdən biri də cəmiyyətin biganəliyidir. “Çoxtərəfli səylər sayəsində insan alverinə qarşı mübarizəyə dair Palermo Konvensiyası və onun Protokolu çərçivəsində müəyyən irəliləyiş əldə olunub, qadın və uşaqların cinayətkar şəbəkələrin əlinə keçməsi məhdudlaşdırılıb. Bir çox ölkədə müvafiq qanunlar qəbul edilib, bəzilərində isə insan alveri ilə bağlı cinayətkarların məhkum olunması həyata keçirilib”, -deyə o əlavə edib. Quterreş vurğulayıb ki, bütün bu addımlar transmilli cinayətkar şəbəkəni ifşa etmək və onun üzvlərini cəzalandırmaq üçün çox azdır.
BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbəri Yuri Fyodorov bildirib ki, 2003-2016-cı illərdə 225 min nəfər insan alverinin qurbanı olub. Bu sahədə həyata keçirilən “Mavi ürək” layihəsinə qoşulan hökumətlər, özəl şirkətlər və sadə vətəndaşlar də insan alveri qurbanlarının xilas edilməsinə kömək edə bilərlər.