BMT-nin baş katibi: "Ötən il silahlı münaqişələrin qurbanı olan uşaqların sayı tarixi rekord həddə çatıb"
2018-ci ildə silahlı münaqişələrin qurbanı olan və ya müxtəlif dərəcəli xəsarət alan uşaqların sayı tarixi rekord həddə çatıb.
NUHÇIXAN “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş ötən illə bağlı hesabatında bildirib.
O vurğulayıb ki, münaqişələrin qurbanı olan və silahlı qarşıdurmalarda yaralanan uşaqların sayı bununla bağlı müşahidə mexanizmi yaradılandan sonra ilk dəfədir hesablanır.
Baş katib deyib ki, ötən il Əfqanıstanda 3 mindən çox yetkinlik yaşına çatmayan uşaq öldürülüb və ya münaqişələr nəticəsində yaralanıb. Suriyada öldürülən və ya yaralanan uşaqların sayı 1 900 nəfər, Yəməndə silahlı münaqişələrin qurbanı və ya onun nəticəsində yaralanan uşaqların sayı isə 1689 nəfər olub.
Münaqişə bölgələrində uşaqların cinsi təcavüzə məruz qalmaları ilə bağlı 933 fakt qeydə alınıb.
Hesabatda qeyd edilib ki, 2018-ci ildə silahlı münaqişələr nəticəsində ən çox uşaq Somali və Nigeriyada ölüb. Ötən il dünyanın müxtəlif bölgələrində silahlı münaqişələr nəticəsində 2 500 uşaq itkin düşüb.