BMT baş katibinin 30 iyul - Dünya İnsan Alveri ilə Mübarizə Günü münasibətilə müraciəti yayılıb. NUHÇIXAN təşkilatın saytına istinadla xəbər verir ki, baş katib Antonio Quterreş insan alverini, xüsusilə qadın və uşaqlara yönəlmiş bu cür əməlləri dünyada “ən iyrənc cinayət” adlandırıb.
Təşkilatın Narkotiklərə və Cinayətkarlığa qarşı Mübarizə Ofisinin (UNODC) hesabatına görə, insan alveri qurbanlarının 72 faizi qadın və azyaşlı qızlardır. Bu cinayətlərin sayı isə 2014-2016-cı illərdə ikiqat artıb. BMT-nin baş katibi deyib: “Araşdırmalar göstərib ki, qadınları və qızları seksual istismar məqsədilə oğurlayırlar, cinsi istismara məruz qoyurlar. Silahlı münaqişələr və ya iqlim dəyişmələri nəticəsində öz vətənini tərk edən insanlar daha çox cinayətkar dəstələrin qurbanına çevrilirlər. Minlərlə insan qanunsuz miqrasiya prosesində dənizdə batır, antisanitariya və aclıq şəraitində toplama düşərgələrində həyatını itirir. Dünya İnsan Alveri ilə Mübarizə Günündə bütün hökumətləri, beynəlxalq təşkilatları və hüquq-mühafizə orqanlarını insan alverçilərinə qarşı daha fəal mübarizəyə səsləyir, qeyri-leqal miqrantları onların düşdükləri ağır vəziyyətdən çıxarmaq üçün tədbirlər görməyə dəvət edirəm”.
Baş katibin müraciətinə cavab verən ekspertlər dünya ölkələrini insan alverinin qurbanı olmuş şəxslərə öz həyatlarını yenidən qurmaq üçün şərait yaratmağa, onlara təzminatlar ödəməyə çağırıblar. İnsan alverinə qarşı mübarizə üzrə BMT-nin xüsusi məruzəçisi Mariya Qrazia Giamarrinaro bildirib ki, dövlətlər miqrasiya və insan alverinə qarşı mübarizə sahəsində öz mövqelərinə yenidən baxmalıdır. O əlavə edib ki, bunun əksinə olaraq, siyasətçilər əngəl divarları inşa edir, uşaqları valideynlərindən ayırır və miqrasiya prosesinə yeni maneələr yaradırlar.