ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) rəhbəri Ceyms Braydenstayn bildirib ki, Beynəlxalq Kosmik Stansiya Nobel mükafatına layiqdir. NUHÇIXAN NASA-nın rəsmi saytına istinadla xəbər verir ki, o, bu təklifi Atlantada keçirilən orbital kosmosun kommersiya məqsədi üçün istifadəsi mövzusunda profil konfransının iştirakçılarının suallarına cavabında səsləndirib.
Belə ki, zaldan bir astronomun “Beynəlxalq Kosmik Stansiya Nobel mükafatına layiqdirmi?” sualına cavab verən Braydenstayn deyib: “Əlbəttə, 100 faiz. Bu yaxşı ideyadır və mən onu təklif kimi irəli sürürəm”. NASA-nın rəhbəri, habelə kosmik aparata Nobel mükafatı verməyin mümkünlüyü ilə maraqlanıb. Bu vaxt zaldan yenə sual veriblər: “Bəlkə mükafata siz özünüz namizəd olasınız?”. Ceyms Braydenstayn bu təklifə orijinal cavab verib: “Mən buna layiq deyiləm”.
Birinci sualın müəllifi mütərəqqi ideyaların həyata keçirilməsi platformalarını təbliğ edən Change.org portalının rəhbəri olub. Saytda bildirilir ki, 18 ölkədən 200 milyon istifadəçi bu platformanın ətrafında birləşib. Beynəlxalq Kosmik Stansiyaya Nobel mükafatı verilməsi ideyasını isə indiyədək cəmi 23 nəfər dəstəkləyib.