Fransız tədqiqatçısı Frank Qodyonun rəhbərlik etdiyi beynəlxalq sualtı ekspedisiya Aralıq dənizində batmış antik Heraklion şəhərinin məbədinin qalıqlarını tapıb.
NUHÇIXAN ScienceAlert nəşrinə istinadla xəbər verir ki, ekspedisiyanın məlumatında deyilir: “Misir və Avropa tədqiqatçıları son ekspedisiya zamanı böyük məbədin xarabalığını, habelə sikkələr və zərgərlik məmulatları olan bir neçə gəmi aşkar ediblər. Qodyo başda olmaqla, arxeoloqlar Heraklion xarabalıqlarını 20 il əvvəl tapıblar və hesab edirlər ki, indi aşkar edilən tapıntılar bu şəhərin ən böyük ibadət yeri olan Amon Qarp məbədinin sütunlarıdır. Bundan başqa, daha kiçi olan qədim yunan məbədinin xarabalığı da aşkar olunub”.
Eyni zamanda, arxeoloqlar batmış gəmilərin göyərtəsində çar II Ptolemeyin bürünc sikkələrini, habelə keramika, zərgərlik məmulatları və qabları aşkar ediblər. Qeyd olunur ki, bu tapıntılar dənizin dibində obyektləri ayırd edən mürəkkəb skan alətlərinin sayəsində mümkün olub.
Heraklion Nil çayının mənşəyində yerləşən antik şəhər olub. Eramızdan əvvəl 550-331-ci illərdə Makedoniyalı İsgəndərin fəthindən əvvəl bu şəhər ölkənin ən mühüm limanı olub. VIII əsrin sonlarında zəlzələ və sunami nəticəsində dağılan Heraklion daha iki şəhərlə birlikdə suyun altında qalıb. Şəhərin dənizin dibində qalmış xarabalığı İsgəndəriyyədən 6 kilometr aralıdadır. Alimlər Heraklion limanında arxeologiya tarixində antik gəmilərin ən böyük qəbiristanlığını – 64 gəmini tapıblar.
Sualtı arxeoloji ekspedisiya Avropa Sualtı Arxeologiya İnstitutu, Oksford Dəniz Arxeologiyası Mərkəzi tərəfindən İsveçrənin Hilti fondunun də Misirin Qədim Abidələr Xidmətinin dəstəyi ilə təşkil olunub.