Ermənistanın Tavuş vilayətində vəziyyət gərgin olaraq qalır. Bir qrup narazı sakin həbs olunan yaxınlarının azadlığa buraxılmasını tələb edir.
NUHÇIXAN erməni KİV-lərinə istinadla xəbər verir ki, işğalçı ölkədə siyasi təqiblər davam edir. Vilayət sakinlərinin iddialarına görə, sərhəd kəndlərində işsizlik problemi insanların sosial vəziyyətini ağırlaşdırır. Bu səbəbdən kəndlərdə gənclər qalmayıb. Hər kəs ölkəni tərk edir. Bundan başqa, Tavuş vilayətində və kəndlərdə qaz problemi mövcuddur. Dövlət qurumlarına edilən şikayətlərin nəticə vermədiyini deyən sakinlər, onlara meşələrə girməyə qadağalar qoyulduğunu bildirirlər.
Bundan başqa, Yerevan-Sevan magistral yolu üzərində körpü partladılıb. Ərazidəki avtomobillərə ziyan dəyib. İki nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Aparılan istintaq zamanı məlum olub ki, xəsarət alanlar Ermənistanın nüfuzlu oliqarxlarıdır. Onlardan biri keçmiş deputat Melik Manukiyandır. Polisin keçirdiyi əməliyyat nəticəsində hadisə yerindən 170 metr aralıda yerləşən restorandan partlayıcını uzaqdan idarə edən qurğu aşkarlanaraq götürülüb. Erməni mətbuatı yazır ki, bu Melik Manukiyana qarşı olan siyasi təzyiqin davamıdır. Sabiq deputatın vəkili bildirib ki, bu yaxınlarda M.Manukiyananın qardaşı heç bir səbəb olmadan Yerevandakı polis bölməsinə aparılaraq işgəncələrə məruz qalıb.
Yerevanın mərkəzi küçələri isə tullantı poliqonuna çevrilib. Bu da sakinlərin narazılığına səbəb olub. Meriya qarşısında toplaşanlar hökuməti problemi dərhal aradan qaldırmağa çağırıblar.
Ermənistanda etirazların ardı-arası kəsilmir. Aksiya iştirakçıları mer Hayk Marutyana xəbərdarlıq edərək ona sarı vərəqə göstəriblər. Bildirilir ki, 1 il əvvəl şəhər rəhbərliyinə gətirilən Marutyanın yarıtmaz fəaliyyəti onları qane etmir.
Aksiya iştirakçısı deyib: “Ay yarımdan çoxdur ki, tullantılar daşınmır. Ərazidə üfunət qoxusundan durmaq mümkün deyil. Antisanitariya baş alıb gedir. Sakinlər isti havada siçovulların qorxusundan pəncərələrini, qapılarını aça bilmirlər. Mer ya verdiyi sözlərə əməl etsin, ya da ki, istefa versin. Sakinləri hansısa özəl təmizlik şirkəti ilə meriya arasında fikir ayrılıqlarının yaranması maraqlandırmır”.