Ermənistanda növbəti etiraz aksiyası keçirilib. Bu dəfə yüksək lisenziya qiymətlərinə etiraz edən ovçular cəmiyyətinin üzvləri hökumət binasının qarşısına toplaşıblar. NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, hökumət lisenziya qiymətlərinin iki dəfə artırılması barədə qərar qəbul edib. Bundan başqa, ov mövsümündə yalnız bazar günlərində ov etməyə icazə veriləcək. Etirazçılar bildiriblər ki, Ermənistan ərazisində ov sahələri azdır və günlərin məhdudlaşdırılması həmin ərazilərdə daha çox insanın toplaşmasına səbəb olacaq ki, bu da təhlükə yaradacaq. Onlar qeyd ediblər ki, ov heyvanlarına atılan güllə buradakı insanlardan birinə də dəyə bilər.
Lisenziya qiymətinin artırılmasına gəldikdə isə, etirazçılar gəlirlərin az olduğu bu ölkədə son vaxtlar həmin qiymətlərin 4 dəfə ard-arda artırılmasının əhalilinin yaşayış səviyyəsinə uyğun olmadığını bildiriblər. Onlar əlavə ediblər ki, bu pullar ətraf mühitin mühafizəsi və heyvanlar aləminə sərf olunmur. Ovçular hökumətdən tələb ediblər ki, həmin maliyyə vəsaitlərinin xərcləndiyi sənədlər göstərilsin. Eyni zamanda, onların sözlərinə görə, belə məhdudiyyətlər brakonyerlik hallarının da artmasına səbəb olur.