Astronomlar qalaktikamızın ilk ulduzlarından birinin izini tapıblar. NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu kəşf Avstraliya Milli Universitetinin rəsədxanasının astronomlarının səyləri nəticəsində mümkün olub. Universitetin mətbuat xidmətindən bildirilib ki, göy cisminin parçaları Süd Yolu qalaktikasının kənarlarında aşkar edilib.
Avstraliya Mili Universitetinin astronomu Tomas Nordlanderin sözlərinə görə, Günəş sistemindən 35 min işıq ili məsafədə aşkar edilmiş bu qırmızı nəhəng parçaların qalaktikamızın ilk ulduzlarından birinin ölməsi zamanı əmələ gəldiyi ehtimal olunur. O əlavə edib: “Bizim bu tapıntını özünəməxsus zaman maşını hesab etmək olar, çünki o, astronomları Kainatın ilk ulduzlarından birinin yarandığı dövrə qaytarır. Tapılan ulduzun elementlərinin strukturu milyardlarla il əvvəl doğulmuş ulduzun partlaması nəticəsində yaranıb”.
Universitetin alimləri Süd Yolu qalaktikasının kənarında aşkar edilən ulduzun elementlərinin strukturunu Kainatın digər ilk ulduzları ilə müqayisə ediblər və məlum olub ki, bir çox bənzərliklər mövcuddur. Belə ki, SMSS J160540.18-144323.1 adlandırılan qırmızı nəhəng ulduzda dəmirin miqdarı həddindən çox azdır. Astronomlar hesab edirlər ki, bu, həmin göy cisminin Kainatın ilk ulduzlarından sonra meydana gəldiyini göstərir.
Nordlander vurğulayıb: “Düşünürük ki, qədim ulduzun zəif partlaması nəticəsində ayrılan enerji o qədər az olub ki, ağır elementlərin çoxu onun tərkibində qalıb, yalnız kiçik bir hissəsi kosmik fəzaya dağılıb və bizim aşkar etdiyimiz köhnə ulduzu formalaşdırıb. Onun Böyük partlayışdan (Big Bang) bir neçə yüz il sonra əmələ gəldiyi ehtimal olunur ki, bu da kosmik miqyasda o qədər də böyük müddət sayılmır. Həmin ulduz indi də mövcuddur. Əgər belə demək mümkünsə, bu, çox anemiyalı ulduzdur və onun tərkibindəki dəmirin miqdarı Günəşdə olduğundan 1,5 milyon dəfə azdır. Bu göy cismində hər 50 milyarddan təkcə bir atom dəmirdir və bu, olimpiya hovuzunda bir damla qədərdir.
Astronomlar qeyd ediblər ki, indi ilk ulduzların aşkar edilməsi ehtimalı olduqca azdır, çünki onların demək olar ki, heç biri günümüzə gəlib çıxmayıb və məhv olublar.