Amerikanın “SpaceX” şirkəti 150 kiloqramadək çəkisi olan yüklərin olduğu mikropeyklərin cəmi 2,25 milyon dollara orbitə çıxarılması üçün “Falcon 9“ raketdaşıyıcılarının mütəmadi buraxılışı proqramına başlayır. NUHÇIXAN xəbər verir ki, bu barədə milyarder İlon Maskın şirkətinin saytında məlumat verilib.
Məlumatda bildirilir ki, “SmallSat” mikropeyklərinin buraxılması proqramı kiçik peyklərin operatorlarına “Falcon 9” mütəmadi missiyasının köməyi ilə sinxron Günəş orbitinə çıxmağa imkan verəcək. “Maksimum 150 kiloqram faydalı yüklərin çatdırılması həmin operatorlara cəmi 2,25 milyon dollara başa gələcək”, -deyə şirkətin nümayəndələri qeyd ediblər.
Şirkət vəd edib ki, bu cür buraxılışlar iri peyklərin planlaşdırılmış startından asılı olmayacaq və müştərilərin problemləri ucbatından gecikmələrə məruz qalmayacaq. “SpaceX”, həmçinin bu və ya digər səbəblərdən mikropeyklərin orbitə çıxarılması vaxtına dəyişiklik edən və digər raketdaşıyıcılarda yer ayıran müştərilərə də anlayışla yanaşacağını vurğulayıb.
İyunun sonunda “SpaceX” orbitə 24 rabitə peyki, tədqiqat laboratoriyası və atom saatları buraxıb. Şirkət 2018-ci ilin dekabrında ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə Federal Komissiyasına 500 milyon dollarlıq “Starlink” layihəsinin həyata keçirilməsinə əlavə maliyyə vəsaiti cəlb edilməsi ilə bağlı müraciət ünvanlayıb. Bu məqsədlə hər biri 186 dollar olan səhmlərin emissiyası aparılıb.
“Starlink” layihəsi yüksəksürətli internetin təmin edilməsi məqsədilə 2015-ci ildə hazırlanıb. Layihə çərçivəsində Yerin aşağı orbitində 11 min peykdən ibarət qrupun yerləşdirilməsi nəzərdə tutulur. Birinci mərhələdə 800 peykin orbitə göndərilməsinə 3,5 milyard dollar vəsait xərclənəcək. Şirkətin hesablamalarına görə, ümumilikdə 11 min peykin istismarı üçün 10 milyard dollar tələb olunur.