Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın iki yüzə yaxın tərəfdarı Yerevanda etiraz aksiyası keçirib. NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, avqustun 9-da Ermənistan ombudsmanı aparatının qarşısında keçirilən aksiyada ölkənin keçmiş rəhbərinin tezliklə həbsdən azad olunması tələbi səsləndirilib.
Ermənistan parlamentinin sabiq deputatı, aksiyanın təşkilatçılarından biri Qaqik Baqdasaryan bildirib ki, Koçaryan siyasi məhbusdur və qanunsuz olaraq həbs olunub. Ombudsman Arman Tatoyan onu siyasi məhbus kimi tanımalı və hüquqlarını müdafiə etməlidir.
Aksiya iştirakçıları öz tələbləri yazılmış məktubu ombudsman aparatına təqdim ediblər.
Xatırladaq ki, mayın 18-də Yerevan birinci instansiya məhkəməsi sabiq prezidentin barəsində həbs qəti imkan tədbirinin dəyişdirilməsi və onun azadlığa buraxılması ilə bağlı qərar qəbul etmişdi. Lakin Baş prokurorluq bu qərardan Apelyasiya məhkəməsində etiraz təqdim edib və Koçaryan yenidən həbsxanaya göndərilib.