2018-ci ildə Ermənistanda inqilab yox, hakimiyyət dəyişikliyi baş verib. NUHÇIXAN erməni KİV-nə istinadla xəbər verir ki, bu fikri Ermənistanın Vatikandakı sabiq səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan “məxməri inqilab”ı şərh edərkən səsləndirib.
Diplomatı qeyd edib ki, ötən ilin aprel-may hadisələrini hakimiyyət dəyişikliyi kimi səciyyələndirmək olar. Onun sözlərinə görə, həmin dövrə ölkədə inqilabi şərait yetişsə də, bu hadisə heç də “məxməri inqilab” olmayıb. Minasyan əlavə edib: “İndiki hakimiyyətin dövrünü isə ən təhlükəli – dərin məyusluq və növbəti kədərli nəticələr doğuracaq şərait kimi qiymətləndirmək olar. Hakimiyyət dəyişikliyindən sonra yeni hakimiyyət xalqı birləşdirmək, tikmək və yaratmaq, bir sözlə, əsl inqilabi prosesləri həyata keçirmək imkanı qazandı. İnsanların görünməmiş dəstəyindən isə dövlətçilik və xalq naminə istifadə etmək olardı. Bunun üçün keçmişin zəncirlərindən qurtulmaq, yazılmamış qanunların əsiri olmamaq və yeni komanda yaradaraq qeyri-adi nəticələr əldə etmək lazım idi. Aprelin 23-dən sonra Ermənistan üçün uçuş zolağı açıq idi və əlverişli hava mövcud olub”.
Paşinyan hakimiyyətinin tamamilə başqa yol seçdiyini təəssüflə qeyd edən diplomat vurğulayıb ki, yeni hökumət islahatları deyil, köhnə qvardiyadan intiqam və qisas yolunu seçdi. O əlavə edib ki, heç bir peşəkar kadr öz fəaliyyətini və həyatını qisasçı hakimiyyət ilə birləşdirmək istəməz və qisasın daha bir qisas doğuracağını hamı başa düşür. “Peşəkarların olmadığı hər hansı hakimiyyət isə öz varlığını qorumaq üçün mütləq yeni repressiyalara əl atır. Biz açıq gözlə artıq bu mərhələyə daxil olmuşuq və erməni xalqı inqilab əvəzinə mənasız hakimiyyət dəyişikliyi əldə edib”, -deyə diplomat vurğulayıb.