ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) Ayın tədqiqi proqramını yeni mərkəzdən həyata keçirəcək. NUHÇIXAN agentliyin saytına istinadla xəbər verir ki, Yerin təbii peykinə göndəriləcək kosmik aparatlar Alabamadakı Marşall Kosmik Uçuşlar Mərkəzindən yerinə yetiriləcək.
Bu barədə jurnalistlərə məlumat verən NASA-nın rəhbəri Ceyms Braydenstayn qeyd edib ki, kosmik gəmilərin Ayın səthinə enməsi də Alabama ştatındakı Hantsvill rayonunda yerləşən bu mərkəzdən idarə olunacaq. O əlavə edib: “Biz “Artemis” proqramına dəstək verən ABŞ Konqresinin diqqətini yüksək qiymətləndiririk, birgə fəaliyyətimiz amerikalıların Aya daha tez qayıtmasına kömək edəcək. Yeni mərkəzdə bəşəriyyətin naminə əldə olunacaq uğurlara imza atacağıq”.
Ceyms Braydenstayn qeyd edib ki, NASA bundan sonra sərəncamında olan bütün mərkəzlərin fəaliyyətini vahid qərargahda birləşdirəcək. Onun sözlərinə görə, Marşall Kosmik Uçuşlar Mərkəzi Aya kosmik aparatların göndərilməsi üçün yetərincə təcrübə və səlahiyyətə malikdir. NASA-nın rəhbəri bildirib ki, Beynəlxalq Kosmik Stansiyanın Amerika seqmenti ilə işləyən Hyustondakı Conson adına Kosmik Uçuşlar Mərkəzindən fərqli olaraq, yeni obyekt sırf raket texnologiyaları ilə məşğul olacaq. Conson adına Mərkəz isə buraxılacaq modulların hazırlanmasına və “Artemis” astronavtlarının Ayda qarşılıqlı fəaliyyətinə nəzarət edəcək.
NASA bu ilin yazında Ayın tədqiqi üzrə yeni proqramın “Artemis” aldandığını bəyan edib. O, üç hissədən ibarət olacaq. Birinci missiya 2020-ci ilin ikinci yarısında “Orion” pilotsuz kosmik gəmisinin Ayın ətrafında uçuşu və Yerə qayıtmasını nəzərdə tutur. İkinci missiya çərçivəsində - 2022-ci ildə pilotlu aparatın Ayın ətrafında fırlanması, 2024-cü ildə həyata keçiriləcək üçüncü mərhələdə isə astronavtların Yerin təbii peykinin səthinə enməsi planlaşdırılır. Bu proqramın həyata keçirilməsi üçün Ağ ev Konqresdən əlavə 21 milyard dollar ayrılmasını xahiş edəcək. Ceyms Braydenstayn bəyan edib ki, ABŞ astronavtlarının Marsın səthinə enməsi isə 2033-cü ildə nəzərdə tutulub.