Qəhvənin alüminium kapsullarda satışı üzrə ixtisaslaşan tanınmış İsveçrə şirkəti “Nespresso” yeni innovativ ekoloji layihəyə imza atıb. Layihə İsveçrənin “Nestle” şirkətlər qrupuna daxil olan bu markanı dünyada məşhur edən alüminium kapsullarının təkrar emalını nəzərdə tutur.
NUHÇIXAN xəbər verir ki, hazırda kapsul istehsalçıları eksklüziv velosipedlər hazırlayan isveçli Cimmi Östholm ilə maraqlı bir ekolayihə həyata keçirirlər. Velosipedçi “RE:CYCLE” adı altında “Velosofiya” velosipedləri istehsal edir. Həmin velosipedlərin metal hissələri əridilmiş və 95 faizi təkrar emal edilən qəhvə kapsullarından hazırlanır.
Layihəyə əsasən, bu velosipedlərdən cəmi 1000-i bazara çıxarılacaq. Bundan əlavə, “Nespresso” şirkətinin layihə çərçivəsində çox təsirli və düşündürücü hədiyyəsi də nəzərdə tutulub. Satılmış hər bir velosipedin əvəzinə (1 velosipedin satış qiyməti 1290 avro olacaq) şirkət inkişaf etməkdə olan ölkələrdə bir məktəbli qıza velosiped hədiyyə edəcək.
Qeyd edilməlidir ki, alüminium həssas qəhvə ətrini qoruyub saxlamaq üçün mükəmməl örtük materialı olsa da, boksit mineralından əldə edilən bu yüngül metal tullantıya çevrildikdə ətraf mühitə son dərəcə ciddi zərər vurur. “Global2000” təbiəti mühafizə təşkilatından bildirilib ki, inanılmaz miqdarda xammal və enerjinin tələb olunduğu alüminium kapsullar çox praktik olmalarına baxmayaraq, mənfi ekoloji təsirə malikdirlər.
Məhz buna görə də, “Nespresso” layihələri vasitəsilə öz qəhvə kapsullarını yenidən emal etməyə və bununla da, ətraf mühit balansını yaxşılaşdırmağa, eyni zamanda şirkət üçün müsbət imic formalaşdırmağa çalışır. Əridilmiş kapsullardan hazırlanmış qələmlər və cib bıçaqları bu istiqamətdə atılan ilk addımlardır.