Avstraliyanın Kanberra Milli Universitetinin astronomları nəhəng qara dəliyin neytron ulduzunu udması prosesini qeydə ala biliblər. Onlar qeyd edirlər ki, bu kəşf həmin obyektlərin yaranması ilə bağlı fərziyyələri kökündən dəyişə bilər.
NUHÇIXAN science.com saytına istinadla xəbər verir ki, universitetin professoru Syuzan Skottun sözlərin görə, qara dəliyin neytron ulduzunu udduğu vaxt ətrafa yaydığı qravitasiya dalğaları barədə məlumatlar ABŞ və İtaliyadakı ulduzların öyrənilməsi stansiyaları tərəfindən müşahidə edilib və sonradan Avstraliyada yerləşən nəhəng teleskopların görüntüləri ilə müqayisə olunub. Astronom əlavə edib: “Biz Yer kürəsindən 10 milyard işıq ili uzaqda yerləşən qravitasiya dalğaları haqqında informasiyaları təhlil edərək birləşdirdik və bunun neytron ulduzunun udulması izləri olduğunu aşkar etdik.
Skott qeyd edib ki, alimlər ilk dəfədir qara dəliyin neytron ulduzunu udması prosesini müşahidə ediblər. Onun sözlərinə görə, həm neytron ulduzları, həm də qara dəliklər olduqca möhkəm obyektlərdir, onlar ulduzların “yanacağı” qurtardığında və parçalanmağa başladığı zaman meydana gəlirlər. “Əlbəttə, irəlidə uzun tədqiqatlar var, amma indidən demək mümkündür ki, biz çox parlaq bir kəşfə imza atmışıq. Ola bilər ki, biz sadəcə qara dəliyin “davranışını” müşahidə etməmişik, həm də onun “çox yüngül” versiyasını müəyyən etmişik. Bu isə həmin obyektlər barədə indiyədək irəli sürülən bütün fərziyyələri alt-üst edir. İnanıram ki, biz Kainatın öyrənilməsi istiqamətində irəliyə doğru mühüm addım atmışıq”, -deyə astronom vurğulayıb.